Azərbaycan futbolunda bu camiənin ayrılmaz parçası - jurnalistlər üçün iş şəraitinin elə də ürəkaçan olmadığı hamıya məlumdur. Amma bəzi stadionlarda vəziyyət xüsusilə fərqlənir. Məsələn, Zirə qəsəbəsində. Üç mövsümdür ki, media nümayəndəsi kimi oraya gedirəm. Klub uzun müddət jurnalistlər üçün "Koroğlu" metrostansiyasının yaxınlığından avtobus təşkil edirdi. Ancaq ötən həftə bu servis dayandırıldı. Əlbəttə, klubun kiməsə borcu yoxdur, amma şəhərdən 50 km uzaqlıqda yerləşən və ictimai nəqliyyat üçün əlverişsiz olan bir stadion üçün bu cür kiçik jestlərin olması Allaha da xoş gedərdi, bəndəyə də. Onsuz da ora ictimai nəqliyyatla getmək, yumşaq desək, macəralı bir prosesdir.
Gələk əsas məsələyə. Ötən axşam Azərbaycan Premyer Liqasının 21-ci turunda "qartallar" "Qarabağ"ı qəbul edirdi. Matçı izləmək üçün stadiona yollandım. Zirə İdman Kompleksinin stadionunun media sektoru, açıq desək, Premyer Liqanın ən balaca sektorudur. Cəmi 15 oturacaq. Bəli, səhv oxumadınız, 15! Adətən, jurnalistlərin bir qismi oyunları ayaq üstə izləyir. Fikirləşirdim ki, bu dəfə bir az rahatlıq olar, heç olmasa, oturacaq taparam. Amma harada?! Media sektoruna çatanda elə bil başqa bir dünyaya düşdüm.
Sanki burada jurnalistlərdən çox çağırılmamış qonaqlar var idi. "Qarabağ"ın məşqçisi? Burada! O biri məşqçinin oğlu? Buyurun! "Qarabağ"ın futbolçusu? Xoş gəldiniz! Matçın hakim-inspektoru, futbol agenti, "Zirə"nin məşqçisinin yaxın qohumu, stadionun texniki işçisi, fan klub rəhbəri – hər biri rahat şəkildə media sektorunda yerini tutmuşdu. Hələ akkreditasiyasız gəlib oturanlardan danışmıram...
Amma gecənin “kulminasiya” nöqtəsi "Zirə"nin ikinci qolundan sonra gəldi. Fan klub rəhbəri media sektorundan azarkeşlərə amiqoluq edirdi!
Yəni, jurnalistlər üçün ayrılmış sektor artıq şərti anlayışa çevrilmişdi.
Bütün bunlar bir daha göstərdi ki, bəzi klublar üçün media sektoru sadəcə “VIP loja” rolunu oynayır. Jurnalistlərə isə qalan nədirsə, ona razı olmaq düşür sanki. Əgər peşəkar futbol mühitindən danışırıqsa, ən azı media üçün minimal şərait yaradılmalıdır. Adından da göründüyü kimi, media sektoru jurnalistlər üçündür. Kiminsə rahatlığı üçün buranı "dost-qohum guşəsinə" çevirmək isə futbol adına utancvericidir. "Zirə" rəhbərliyi bu sektoru nə üçün nəzərdə tutduğunu bir daha düşünməlidir. Yoxsa növbəti turlarda orada qonaq siyahısına "manıs"lar da əlavə olunsa, təəccüblənmərik!
P.S. Bir məsələni də qeyd edim. Deməli, qəsəbə təmsilçisi 3 ildən sonra, nəhayət, öhdəliklərini yerinə yetirərək miks zona təşkil etdi. Fəqət o da açıq havada. Bütün klublar miks zonanı qapalı məkanda edir. Bu zonanı açıq havada etmələrinin səbəbi də çox güman matçdan soyunub-geyinmə otağına gedən fəxri prezidentləri ilə jurnalistlərin qarşılaşmaması üçündür...
Elsevər Muradzadə