
"Qarabağ" ötən gün əfsanəvi futbolçusu Riçard Almeyda ilə gözlənilmədən yolları ayırdı.
35 yaşlı Braziliya əsilli futbolçu ilə birdən-birə yolların ayrılması futbol ictimaiyyətində suallar yaratdı.
Ayrılığın detalları ilə bağlı Sportliqa.az-ın redaksiyasına şok informasiya daxil olub.
Belə ki, Ağdam təmsilçisinin "ağsaqqal"ı klubdan qalmaqalla ayrılıb. Kadi Borgesi yenidən komandaya qaytaran "Qarabağ" Almeydaya böyük hörmətsizlik edib.
Sən demə, rəhbərlik Riçardın "20 nömrə"sini danışıqlar prosesi zamanı onun xəbəri olmadan həmyerlisinə söz veribmiş. Lakin bu, Almeydanın narazılığına səbəb olub. Onunla yanaşı, digər futbolçular da buna etiraz ediblər. Bundan sonra "Qarabağ" məcburi şəkildə boş qalan "9"u Borgesə verməli olub. Hətta Kadi biləndə ki, buna görə Riçarddan razılıq alınmayıb, o da buna isti yanaşmayıb.
Bu səbəblə də uzun illərdir Ağdam klubunun uğurları üçün tər tökən Almeydanın qəlbi qırılıb və bu da yekunda ayrılığa gətirib çıxarıb.
Qeyd edək ki, 2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da çıxış edən Riçard 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
Elsevər Muradzadə