
2016-cı ildə AFFA tərəfindən yaradılan Futbolun İnkişaf Fondu (FİF) son illərdə azarkeşlərin diqqət mərkəzinə düşüb. Xüsusilə "Kəpəz" və "Turan Tovuz" klublarının Premyer Liqaya qayıdışından sonra bu fondun həyata keçirdiyi "Kəpəz 100K" və "Turan Tovuz 100K" layihələri böyük maraq doğurdu.
Bu layihələrin əsas məqsədi azarkeşlərin ianələri hesabına hər iki klubun avtobus problemini həll etmək idi. FİF-in açıqlamasına görə, ianəçilərin fotoları avtobusların üzərində yer alacaq və həmçinin stadion ərazisində onların adlarının əks olunduğu xüsusi lövhə quraşdırılacaqdı. Lakin məqsədə çatdıqdan sonra vədlərin tam yerinə yetirilmədiyi aydın oldu.
"Turan Tovuz 100K" layihəsi 2023-cü ilin əvvəlində yekunlaşsa da, nəzərdə tutulan bütün işlər icra edilməyib. Avtobusun üzərinə müəyyən fotolar vurulub, amma stadion ərazisində xüsusi lövhə quraşdırılmayıb.
"Kəpəz 100K" layihəsi isə 2024-cü ilin martında başa çatıb. Lakin bu klubda, ümumiyyətlə, avtobusa azarkeşlərin fotoları əlavə olunmayıb.
Bütün bunlara baxmayaraq, FİF-in icraçı direktoru Tural Piriyev 3 ay əvvəl "Sağlam radio"ya açıqlamasında ianəçilərin fotolarının artıq avtobuslara vurulduğunu bildirmişdi. Real vəziyyət göstərir ki, bu bəyanat tamamilə həqiqəti əks etdirmir.
Fondun bu məsələyə dair rəsmi açıqlama verməməsi, üzərinə götürdüyü öhdəlikləri tam icra etməməsi azarkeşlərin və ianəçilərin qarşısında başucalığı gətirmir.
FİF-in bu gecikmələrlə bağlı ictimaiyyətə aydınlıq gətirməsi və vəd edilənlərin tam şəkildə yerinə yetirilməsi üçün konkret addımlar atması vacibdir. Çünki bu cür vəziyyətlərin təkrarlanması, gələcəkdə azarkeşlərin bu tip kampaniyalara inamını zədələyir. Azərbaycan futbolunda azarkeş fəallığını aşağı salır.
Hərçənd ki, məsələ hələ də bir çox azarkeş və ianəçi tərəfindən tam dərk olunmaya bilər, media bu prosesi daim izləyir. Futbolun inkişafı naminə fəaliyyət göstərdiyini iddia edən bir qurumun öz öhdəliklərini yerinə yetirməməsi diqqətdən yayınmamalıdır. Azərbaycan futbolunda azarkeşlərin inamını artırmaq üçün FİF üzərinə düşən məsuliyyəti dərk etməlidir.
Elsevər Muradzadə