
Azərbaycan futbolunda gənc oyunçuların media ilə münasibəti ilə bağlı problemlər zaman-zaman müzakirə mövzusuna çevrilir. Ələlxüsus son vaxtlar "Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin Miks-zona qaydalarına əməl etməməsi diqqətimi çəkir. O Nəriman ki, Bakıda son saniyələrdə "Braqa"nın qapısına qol vurub, səmalara uçdu, sonradan da ərşi-əlaya çəkildi.
2024-cü ilin mart ayında U-21 millimizin İngiltərə yığmasına evdə məğlub olduğu oyundan sonra Axundzadə media nümayəndələrinin açıqlama istəyini kobud şəkildə rədd etmişdi. O vaxt bu hadisə geniş rezonans doğurmuş, hətta Qurban Qurbanov da məsələyə münasibət bildirərək bunun anlaşılmazlıq olduğunu qeyd etmişdi.
Lakin həmin hadisədən 2-3 ay sonra "Qarabağ"ın ev oyunlarından birində futbolçu yenidən "ənənə"sinə sadiq qalaraq jurnalistlərin müsahibə istəyini daha sərt şəkildə geri çevirmişdi. Bu isə onun media ilə münasibətində ciddi problemlər yaşadığını göstərirdi.
Cari mövsümdən etibarən Peşəkar Futbol Liqasının əsasnaməsinə uyğun olaraq klublar oyundan sonra Miks-zona təşkil etməli və bütün futbolçuların ordan keçməsini təmin etməlidirlər. Oyunçular açıqlama verməkdə sərbəstdirlər, lakin Miks-zonadan keçmək onların öhdəliyindədir.
Ötən gün Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qarabağ"ın "Səbail" üzərində 3:1 hesablı qələbəsindən sonra baş verən hadisənin isə birbaşa şahidi oldum. Həmişə olduğu kimi, Nəriman Axundzadə yenə də Miks-zonadan yayınmağa çalışırdı. Klubun mətbuat xidmətinin rəhbəri, dəyərli həmkarımız, Axundzadənin yaşı qədər futbol sahəsində təcrübəsi olan Anar Hacıyev isə ona bu zonadan keçməli olduğunu bildirdi. Amma gənc futbolçu buna məhəl qoymadı və yoluna davam etdi. Dialoqları eşitməsəm də, Axundzadənin bədən dili və özündən ən azı 20 yaş böyük bir insanı görməzdən gəlməsi məni məyus etdi. Bu yanaşma heç də yaxşı təsir bağışlamırdı.
Axundzadənin ardıcıl şəkildə media nümayəndələrindən yayınması və oyunun bir hissəsi olan bu prosesi ciddiyə almaması düşündürücüdür. Əgər bir futbolçu artıq yetərincə inam qazandığını düşünüb, media nümayəndələrinə sayğısız yanaşırsa, bu, gələcəkdə onun karyerasına da mənfi təsir edə bilər. Çünki "ulduz xəstəliyi"nə tutulan futbolçuların sonrakı aqibətini görə-görə gəlirik.
Baş məşqçinin ona göstərdiyi etimad, görünür, futbolçunun məsuliyyət hissini azaldıb. Amma bu cür hallar nə klubun, nə də ümumilikdə Azərbaycan futbolunun inkişafına xidmət edir. Futbolçuların peşəkarlığını göstərən əsas amillərdən biri də media ilə düzgün münasibət qurmaqdır və bu, bir oyunçunun karyerasına təsir edə biləcək vacib faktorlardan biridir.
Bir sözlə, yaxşı bir deyim var - sirkə nə qədər tünd olsa, öz qabını çatladar...
Elsevər Muradzadə