
Azərbaycan Premyer Liqasında mövsümün həlledici mərhələsinə gəlib çatmışıq. Xüsusilə də turnir cədvəlində aşağı pillələrdə qərarlaşan komandalar üçün hər xal hava-su kimi vacibdir. Belə bir dönəmdə “Səbail”in baş məşqçisi Cavid Hüseynovun “Şamaxı” ilə oyundan sonra verdiyi açıqlama diqqət çəkdi. O bildirdi ki, heyətdəki 7 futbolçu oruc tutur. Bu sözlər idmanda orucun performansa təsiri məsələsini yenidən gündəmə gətirdi.
Futbol çox enerji tələb edən bir oyundur. Meydanda qaçmaq, mübarizə aparmaq və sürətli qərarlar vermək üçün futbolçuların bədəni güclü olmalıdır. Amma oruc tutan oyunçular gün boyu yemək və su qəbul etmədikləri üçün onların enerjisi azalır. Susuz qalmaq futbolçular üçün əlavə çətinlik yaradır. Yorğunluq, diqqət azalması və bərpa prosesinin ləngiməsi onların oyununa təsir edə bilər.
Bu məsələnin iki tərəfi var. Bir tərəfdən, oruc şəxsi inanc və seçim məsələsidir. Hər kəs dini inanclarına uyğun davranmaq hüququna malikdir. Digər tərəfdən isə futbol kollektiv oyundur və komandanın uğuru hər bir oyunçunun fiziki durumundan asılıdır. Əgər oruc futbolçunun meydandakı məhsuldarlığını aşağı salırsa, bu, komandanın nəticələrinə də təsirsiz ötüşmür.
Dünyanın bir çox aparıcı liqalarında müsəlman futbolçular bu vəziyyəti fərqli yollarla tənzimləyirlər. Bəziləri oyun cədvəlinə uyğun oruclarını açır, digərləri isə fiziki hazırlıq proqramlarını buna uyğun şəkildə dəyişirlər. Müasir futbol artıq təkcə meydandakı oyundan ibarət deyil. Peşəkar futbolçular meydandan kənarda da optimal qərarlar verməli və həm inanc, həm də peşəkar öhdəliklər arasında düzgün balans tapmalıdırlar.
“Səbail”in məğlubiyyətindən sonra bu mövzu bir daha gündəmə gəldi.
Komanda uğuru üçün hər bir futbolçunun maksimum formada olması vacibdir. Orucun performansa təsiri ilə bağlı müzakirələr daim davam edəcək, amma futbolçular üçün əsas məsələ həm öz inanclarına sadiq qalmaq, həm də peşəkarlıq prinsipini qorumaqdır.
Elsevər Muradzadə