
Samir Abasov Azərbaycan futbolunda ən maraqlı personalardan biri və deyərdim ki, birincisidir. Rəhmətlik Böyükağa Hacıyevdən sonra mətbuat konfranslarına Abasov kimi rəng qatan ikinci bir məşqçi yoxdur. Danışıq tonu, yarı Azərbaycan, yarı rus dilində leksikonu, jestləri, verdiyi maraqlı cavablar və s. Bir sözlə, Samir harda varsa, orda ən azı bir duzlu-məzəli söhbət olur. Amma...
Amması odur ki, Samir bəy bəzən əndazədən kənara çıxır. "Artıq belə qəbul edilmişəm" deyib, media önündə daha "relax" olur.
Məsələn, bir neçə gün öncə keçirilən "Neftçi" – "Turan Tovuz" matçından (1:1) sonra təcrübəli mütəxəssis ənənəvi olaraq oyunsonrası mətbuat konfransına qatıldı. Bəli, konfrans yenə maraqlı hadisəsiz ötüşmədi. Özü də sonda. Həmkarımızın verdiyi "Azarkeşlər sizi ötən tur "Kəpəz"ə qəsdən uduzmaqda ittiham edirlər" sualı Samir Abasovu əməlli-başlı özündən çıxardı. 5-10 saniyə dodağının altında deyinərək cavab vermək üçün var-gəl etdi, sonda "partladı".
Düzdür, jurnalistin sualı yersiz sayıla bilər. Sosial şəbəkələrdə yazılanları əsas götürüb, bir baş məşqçiyə açıq şəkildə belə sual verməyi qəbahət saya bilərik. Hər halda, Samir Abasov kimi insana belə sual ünvanlayarkən şir ürəyi yeməlisən...
Abasovun suala cavabı isə kifayət qədər kobud, hələ işlətdiyi "Kameraları söndürün, qadınlar konfrans otağından çıxsın, cavab verim" sözləri də birmənalı qarşılanmadı. Yenə deyirəm, bu baş məşqçi Azərbaycan futboluna bəzəkdir, rəng qatır. Amma qədərində, həddində.
Bir el məsəlində deyildiyi kimi, sirkə nə qədər tünd olsa, öz qabını çatladar...
Pressing.az