
Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Şamaxı"ya qalib gəldikləri oyundan (2:0) sonra "Neftçi"nin sağ cinah müdafiəçisi Ervin Koffi jurnalistlərin suallarını cavablandırıb.
– İlk olaraq oyunla bağlı fikirlərini bölüşərdin...
– Bizim üçün heç də asan olmadı. Süniörtüklü meydançada oynayırdıq. Komandamızın bir neçə oyunçusu zədəlidir, lakin buna baxmayaraq, qələbə qazandıq. Buna görə xoşbəxtik.
– Baş məşqçiniz Samir Abasovun yoxluğu hiss olundu?
– Matçdan əvvəl soyunub-geyinmə otağında bizlə birgə idi. Onun istəklərini, tapşırıqlarını dinlədik. Baş məşqçimiz bu gün yerində – texniki zonada deyildi, amma onu meydanın kənarında hiss edirdik.
– Növbəti turda "Zirə" ilə qarşılaşacaqsız. Bu oyunla bağlı fikirlərin necədir?
– Böyük oyun olacaq. "Zirə" çox yaxşı kollektivdir. Komandama inanıram və həmin matçda da yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– Azərbaycan kubokunda "Sabah"la cavab matçı haqda nə düşünürsən? Səncə, finala vəsiqə qazana biləcəksiz?
– Bu, hələ son deyil. Geridönüş etmək üçün bütün gücümüzü ortaya qoyacağıq. Buna inanırıq.
– Əgər finala vəsiqə qazansaz, "Qarabağ", yoxsa "Araz-Naxçıvan"ı rəqib görmək istərdiz?
– Bizim üçün rəqibin fərqi yoxdur. Komandama inanıram. Hansı rəqiblə qarşılaşsaq, kuboku qazanmaq üçün oynayacağıq.