
Futbol ictimaiyyəti arasında "Sabah"a münasibət birmənalı deyil. Əksəriyyət bu kluba bir vaxtların Bakı "İnter"i kimi baxır. Sabiq bankir Cahangir Hacıyevin sahibi olduğu klub yarandığı gündən əcnəbilərin maraqlarına xidmət edirdi. Əcnəbi klub rəhbəri, əcnəbi məşqçilər, saysız- hesabsız legioner futbolçular...
"Sabah"da da vəziyyət təxminən belədir. Klubun idarəetmə postunda rusdilli kadrlar yer alır. Eyni zamanda da, bu rusdillilərin AFFA rəhbərliyində təmsil olunması, ölkə futbolundakı ''fəaliyyəti'' bəzən mənə 20-ci əsrin əvvəllərində bolşevik və daşnakları xatırladır.
Yerli məşqçilərin üstündən xətt çəkib, əcnəbilərə üstünlük verən rəhbərliyin yeni seçimi litvalı Valdas Dambrauskasdan yana olub. O da özüylə köməkçilərini "Sabah"a gətirib. Bu, normaldır. Hər bir əcnəbi öz komandasıyla gəlir.
Anormal olan Kristian Sebalyosun təyinatıdır. "Sabah" karyerasını təzə bitirən keçmiş futbolçusunu Dembrauskasa köməkçi gətirib. Qəribə təyinatdır. İlk növbədə ona görə ki, Sebalyos futbolçu kimi "Sabah"da uğurlu karyeraya malik olmayıb. Klubda olduğu 3 mövsümdən birini zədəli olaraq boşa verib, ikincinin yarısında iştirak edib. Üçüncüdə də, ümumiyyətlə, meydana çıxmayıb. Yəni, "Sabah"da futbolçu kimi bir iz qoymayıb ki, minnətdarlıq olaraq ona jest edilsin. Daha çox yaddaşlarda Masazırda "Şamaxı" ilə matçda keçmiş komanda yoldaşı Kamran Quliyevə şillə vurmaqla qalıb.
Bizdə olan məlumata görə, Sebalyosun təyinatı "Sabah"ın baş icraçı direktoru Ramin Həsənovun vasitəsiylə gerçəkləşib. Sual yaranır, niyə, hansı məqsədlə? Özümüzdə 211 nəfər UEFA B, 111 nəfər UEFA A kateqoriyalı mütəxəssis var. Hansı ki böyük əksəriyyəti köməkçi məşqçi işinə ehtiyac duyur. Bu halda təcrübəsiz ispanı gətirmək hansı təfəkkürün məhsuludur?
Hər il dövlətdən milyonlarla dotasiya verilən "Sabah" rusdilli, əcnəbisevər insanlar tərəfindən idarə olunur. Azərbaycanlıları görməzdən gəlib ispanlar üçün məşqçi yetişdirməklə məşğuldular. Çox təəssüf...
Elsevər Muradzadə