
Dünən İctimai TV-də yayımlanan "Off Top" verilişinin qonağı “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı olub. O, klubun futbol akademiyasının fəaliyyətini məhdudlaşdırmasının səbəbləri və gələcək planlar barədə ətraflı danışıb. Sözlərinin arasında birbaşa ad çəkməsə də, təqdim etdiyi arqumentlərdən AFFA-nın bu məsələdə rolunun az olmadığını anlamaq çətin deyil.
Səbuhi bəyin toxunduğu əsas məqamlar bunlar olub:
-AFFA-nın “İmişli” və “Karvan” klublarına görə dövlət tərəfindən ayrılan vəsaiti “Qəbələ”dən kəsərək yarım milyon manat azaltması;
-Əvəzedicilər Liqasında iştirakın kluba əlavə maliyyə yükü gətirməsi;
-Legioner limitinin ləğvindən sonra yerli futbolçulara marağın azalması.
Bütün bunlar verilişdə kifayət qədər təfsilatlı izah olunub deyə, əlavə geniş izaha ehtiyac duymuram. Lakin diqqətimi çəkən başqa bir məqam var.
“Qəbələ”nin məlum açıqlamasından sonra, son günlər klubun əleyhinə yayımlanan yazıların əsas mənbəyi AFFA-nın baş katibi Cahangir Fərəcullayevin yaxın dostu və qeyri-rəsmi müşaviri hesab olunan Seymur Teymurova məxsus “Offside” platformasıdır. Dünən “Off Top” verilişində səsləndirilən fikirlərdən dərhal sonra “Offside” yenidən “Qəbələ”yə qarşı hücuma keçib.
Artıq açıq şəkildə görünür ki, bu, çirkin və qərəzli bir kampaniyadır. Azərbaycan futbolunu yaxından izləyənlər bunu yaxşı anlayır. Hətta bu kampaniya baş katibin öz əleyhinə də işləyə bilər. Adama deyərlər, "soğan yeməmisənsə, niyə gözlərin yaşarır?"
Elsevər Muradzadə
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması