"Sabah"ın futbolçusu Boyan Letiç "Neftçi" ilə dünən keçirilən Misli Premyer Liqasının 11-ci turunda komandasının qələbə qolunun müəllifi oldu.
Sportliqa.az xəbər verir ki, o, 90+5-ci dəqiqədə topu rəqib qapısından keçirdi. Bu zaman bosniyalı futbolçunun hərəkəti diqqət mərkəzinə düşdü.
O, hakimin VAR-a baxılıb qolu qeydə almasından sonra əvvəlcə texniki zonaya yaxınlaşaraq oradan forma götürdü. Sonra Letiç çəkiliş edən TV-kameraya yaxınlaşaraq formanı nümayiş etdirdi. Formanın üzərində bir gəncin şəkli və üzərində serb dilində "Почивај у миру брате - 1993-2023" (Rahat yat, qardaş) sözləri yazılmışdı.
Qolun vəfat etmiş şəxsə həsr edildiyini təxmin etmək mümkündür. Elə "Sabah"ın mətbuat xidmətindən də Qol.az-a bildirilib ki, Letiç qolu vurarkən bu yaxınlarda gənc yaşda (30) dünyasını dəyişən dostunu anıb və qolu da məhz onu xatirəsinə həsr edib.