“Bəzən qol vurmayanda bir az çətin olur”.
Sportliqa.az “aftonbladet.se” saytına istinadən xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunda çıxış edən azərbaycanlı futbolçu Musa Qurbanlı ölkə çempionatının XXVIII turunda “Brommapoykarna” üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra deyib.
Səfər matçına start heyətində çıxmasına baxmayaraq, fasilədən sonra əvəzlənən 21 yaşlı forvard buna görə baş məşqçidən narazı qalmadığını bildirib: “Əvəzlənməyimi normal qəbul edirəm. Futbolda bəzən belə olur. Bu, baş məşqçinin qərarıdır. Həmişə daha çox oynamaq istəyirsən. Amma məyus olmadım. Ən vacibi komandanın 3 xal qazanmasıdır. Qalib gələndə sevinməliyik”.
Qurbanlı kollektivə uyğunlaşdıqdan sonra daha yaxşı oyun sərgiləyəcəyinə inanır: “Azarkeşlər qolla yaşayır, onunla nəfəs alırlar. Qarşıma həmişə məqsəd qoyuram. Komandada yeniyəm və gəncəm. Başa düşürəm ki, hələ vaxtım var. Üzərimdə çalışmalı, özümü ruhdan salaraq təslim olmamalıyam. Komandaya uyğunlaşmağa çalışıram. Düşünürəm ki, həyat təslim olmamaqdan və üzərində çalışmaqdan ibarətdir. Bu mənim yolumdur. Mübarizəni davam etdirsəniz, yekunda istədiyinizi əldə edəcəksiniz”.
Qeyd edək ki, “Yurqorden” hazırda İsveç çempionatında 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb (Report).