“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade futbolinfo.az saytına müsahibə verib.
Sportliqa.az həmin müsahibəni diqqətinizə çatdırır:
– “Araz-Naxçıvan”a 1:2 hesablı məğlubiyyət sənin üçün də sürpriz oldu?
– Çətin qarşılaşma oldu. Fürsətlərimiz var idi, amma qola çevirə bilmədik. Bir neçə epizod yaxaladıq, onlardan istifadə etməli idik. Rəqib isə əlinə düşən imkandan yararlandı. Biz səhvlərimizdən öyrənməliyik. Daha çox işləməliyik. Gələcəkdə daha yaxşı olmaq üçün çalışmalıyıq.
– İlk hissədə sanki o qədər inamlı deyildiniz…
– Mən o cür düşünmürəm. Fikrimcə, komanda inamlı idi, qol vurmaq üçün çox çalışırdıq. Kənardan necə göründüyünü bilmirəm, amma biz pis çıxış etmədik. Dediyim kimi, rəqib şanslarını qola çevirdi. Bu da futboldur, belə hallara çox rast gəlinir. Hər zaman ən yaxşı olmaq üçün çalışmaq lazımdır.
– Bu matçda bir çox futbolçu bəlkə də ilk dəfə bir komanda şəklində çıxış edirdi. “Bayer”lə oyunla müqayisədə heyətdə 7 fərqli futbolu çıxış edirdi. Bu, problem yaratdı?
– Yox, yox, qətiyyən razı deyiləm. Biz hər gün bir yerdə məşq edirik, bir-birimizi çox yaxşı tanıyırıq. Bir komanda şəklində çalışırıq. Avropa Liqasında da, çempionatda da eyniyik. Bunun çətinlik yaratdığı real deyil.
– Son 3 oyunda qələbə qazana bilməmisiniz. Motivasiyanız aşağı düşmür?
– Futbol bununla gözəldir. Əgər sən başqa rəqiblərlə üz-üzə gəlirsənsə, onların da meydandan qalib ayrılmaq şansı var. Biz meydana daim qələbə üçün çıxırıq. Hər zaman qalib gəlmək istəyirik.
– Bu mövsüm “Qarabağ” 11 tura 3 dəfə uduzub. Bunu gözləyirdin?
– Təbii ki, bu, bizim xoşumuza gəlmir. Qurban Qurbanov da komandanın daha yaxşı olması üçün çalışır. 100 faiz biz yaxşı olmaq üçün əlimizdən gələni edirik. Hər kəs daha yaxşı nəticələrə motivasiyalıdır. Bəzən pis zamanlar olur, amma onlardan çıxmaq üçün yollar da var.
– “Qarabağ”a ilk gəlişində komandanın əsas oyunçusu və azarkeşlərin sevimlisi idin. İndi həmin zamanlara qayıtmaq üçün nəyə ehtiyac var?
– Bizim yaxşı oyunçularımız var. Mən bura gec gəldim və komandaya gec qoşuldum. Yaxşı və ya pis forma məsələsi deyil. Sadəcə, əsas heyət artıq son ildə daim birlikdə çıxış edir. Mən də əlimdən gələni edirəm.
– Düşünürsən ki, keçmiş günlərinə qayıda biləcəksən?
– Açığı, hər oyunçu daim meydana çıxmaq istəyər. Hamı ilk “11-lik”də oynamaq fikrindədir. Amma qərarı məşqçi verir. Biz futbolçular olaraq hamımız bir amal uğrunda mübarizə aparırıq. Burada vacib və ya ikinci dərəcəli oyunçu yoxdur. Hər kəs hər zaman şans qazana bilər. Mən də çox çalışıram.
– Qarşıda “Kəpəz”lə Tovuzda çətin səfər oyunu, daha sonra “Bayer”ə qarşı Avropa Liqasının qrup mərhələsi matçı var. Çətin qrafikdir…
– Biz bu cür oynamalıyıq, öyrəşməliyik. Hər kəs buna hazırdır. Əlbəttə ki, uzaq səfərdən gəlib vacib oyuna çıxmaq çətindir. Amma neçə ildir ki, belə oyunlar görürük. Məşqçilər korpusu da hər şeyi analiz edir, ən doğru qərarı verir.
– Bakıda “Bayer”dən xal almaq mümkündür?
– Futbolda hər şey mümkündür. Amma biz əvvəlcə “Kəpəz”lə matçı düşünürük.