“Qəbələ” Misli Premyer Liqasının 12-ci turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq.
Sportliqa.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq matç iki rəqib arasında 67-ci duel olacaq.
İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandalar indiyədək 66 dəfə görüşüb.
Əvvəlki matçlarda 20 qələbəsi olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib. 29 oyunda bakılılar qalib gəlib. Bu görüşlərdə 77 qol vuran “Qəbələ” 94 top buraxıb.
İndiyədək keçirilən qarşılaşmalardan 60-ı Premyer Liqa, 6-sı kuboka təsadüf edib. Bu oyun Premyer Liqa çərçivəsində 61-ci duel olacaq. Əvvəlki 60 matçda 18 qələbəsi olan “Qəbələ” 14 dəfə bir xalla kifayətlənib və 28 dəfə uduzub. Rəqib qapısına 69 dəfə yol tapan “qırmızı-qaralar” 89 top buraxıb.
“Qəbələ” “Neftçi”ni 33-cü dəfə qəbul edəcək. Əvvəlki 32 ev matçında “Qəbələ” 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 15 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 39, qonaqlar 45 qol vurub.
Xatırladaq ki, noyabrın 5-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-də başlayacaq.