Matçda het-trik müəllifi olan futbolçular adətən bunu etdikləri topu götürüb özüylə aparırlar. Premyer Liqamızda cari mövsümdə ilk het-trikə imza atan futbolçu olan "Qarabağ"ın legioneri Yassin Benzia da belə etdi. Belə ki, təcrübəli fransalı yarımmüdafiəçi "Kəpəz"ə Tofiq Bəhramov adına Respublika stadionunda 7:1 hesabıyla qalib gəldikləri görüşdə hələ ilk hissədə 3 dəfə qapıdan keçirdiyi topu qoltuğuna vuraraq arenanı tərk etdi.
Sportliqa.az xəbər verir ki, Benzia bunu etməmişdən öncə sport24-az-a karyerasında da ilk olan het-triklə bağlı təəssüratlarını bölüşüb: "Bizim üçün yaxşı, uğurlu matç oldu. Keçən turda "Araz-Naxçıvan"a uduzduğumuzdan, hamımız bu oyunda qələbə qazanmaq istəyirdik. Allaha şükür ki, buna nail olduq, özü də belə hesabla. Hər birimiz bu qələbədən həzz alırıq. Aktivimizə 3 xal yazdıq, əsas da budu. Het-trikə gəlincə, bəli, bu, karyeramda ilk dəfədi və buna nail olduğuma görə özümü yaxşı hiss edirəm. İnanıram ki, məhsuldar oyunumu davam etdirə biləcəm".
Onu da bildirək ki, 29 yaşlı Benzianın het-trik etdiyi topu komanda yoldaşları imzalamışdı.
Xatırladaq ki, Yassinə 3 qol vurmaq üçün 41 dəqiqə yetərli olub.