"Komandam yaxşı çıxış etdi. 90 dəqiqə oyunu lazımı qaydada idarə edə bildik, aqressiv idik. Məni sevindirən odur ki, çoxlu qol eizodları yaratdıq, Qələbəyə layiq idik".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 12-ci turunun "Qəbələ" ilə (0:2) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Qəbələdəki infrastrukturla bağlı təəssüratlarınız necədir?
- Bura mənim üçün doğmadır. Bir neçə gün Qəbələdə qalmışıq. Hər şey çox yaxşıdır, klubun yaxşı infrastrukturu var. Qəbələ şəhəri də xoşuma gəlir.
- Likas Melano niyə oynamır?
- Oynamağa layiq olmalıdır. Onunla eyni mövqedə olan oyunçularla rəqabətdə qalib gəlməlidir.
- Sizi narazı salan məqamlar hansılardır?
- Bəzi epizodlar var ki, futbolçular boşluqlara yol verirdilər. Mən onları ayıltmalı idim. Bu da məşqçi işidir.
- "Neftçi" qol vurmaqda çətinlik çəkir. Bunu necə həll etməyi düşünürsüz?
- Çox yaxşı sualdır. Bəli, çoxlu epizodlar yaradırıq. Rəqib qapısının qarşısında daha diqqətli olmalıyıq.Bunu həll etməyin yolu çox çalışmaqdır. Zamanla aradan qaldıracağıq.
- Aaron Olanarenin durumu necədir?
- Əzələ problemi idi. Ümid edirəm ki, ciddi zədə almaz. Tez-tez meydança dəyişəndə belə hallar olur. Bəzən süni örtükdə oynayırıq, bəzən təbii örtükdə. Hər yerdə Qəbələdəki kimi meydançalar olsa, mükəmməl alınardı.
- Qışda hücumçu transferi istəyəcəksiz?
- İndi bu haqda danışmaq düzgün deyil. Komandanı təhlil edəcəyik. Oyunçulardan tələblərimiz yüksəkdir. Çünki, böyük klubuq. Onlar "Neftçi"nin səviyyəsində oynamalıdırlar.