"Ağır oyun olacağını bilirdik. "Neftçi" elə "Neftçi"dir. Oyunun dinamikasından razı qalmadım. Komandam istədiyim tempi göstərə bilmədi. Dinamikasız oyunun şahidi olduq. Rəqib əlinə düşən fürsətlərdən maksimum yararlandı. Çox danışmaq istəmirəm. Danışmaqla nəsə düzəlməyəcək. Uçurumun dibindəyik".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 12-ci turunun "Neftçi" ilə (0:2) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Premyer Liqanı tərk etmək stressi var?
- Stress hərdən məsuliyyət gətirir. Nəticəyə görə stress yoxdur. Emil Səfərovla Ahmed Ayzayanın zədələnməsi bizi rotasiyalara məcbur edir. Ayyub Allaşı dayaq yarımmüdafiəçisi mövqeyində oynadırıq. Heyətlə bağlı sıxıntımız var. Hücumda aktivliyi artırsaq, nəticələr gələcək.
- Xalayla və Ayyub Allaşı əvəzləməyiniz onların yorulması ilə bağlı idi?
- Əvəzetməni nəyəsə ümid edib reallaşdırırsan. Xalaylanın hərarəti var idi. Əslində bu gün oynamalı deyildi. Matçın sonunda aktivliyi aşağı düşmüşdü. Allaşa gəlincə, hücumu gücləndirmək üçün dəyişdik.
- Ahmed Ayzaya tam sıraya dönüb?
- Zədəsi ona ağrılar verir. Ağrılar keçməlidir ki, əsas heyətdə oynasın.
- Bu enişdən çıxmaq üçün komandada güc və birlik var?
- Futbolçularda güc, birlik var, möhkəm kollektivik. Oyunlar da göstərir ki, meydanda aciz deyilik. Sadəcə qollar vura bilmirik. Ümidsiz deyilik. Komanda şəklində toparlanıb daha samballı nəticələr əldə edəcəyik.
- Şansınız olsaydı, futbolçu transfer edərdiniz?
- Əlbəttə. Son yerlərdə gediriksə, nələrsə ideal deyil. Axsayan yerlərimiz var, bunu görürük. Amma hər şey bizim istəyimizlə deyil. Mənim istəyimlə olsaydı, ötən ilki komanda dağılmazdı.