“Səbail”in futbolçusu Ağabala Ramazanovun son durumuna aydınlıq gəlib.
Sportliqa.az xəbər verir ki, paytaxt klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov “Report”a açıqlamasında Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la oyunda huşunu itirən kapitanın vəziyyətinin sabit olduğunu bildirib.
Klub rəsmisi 30 yaşlı hücumçunun hələ də xəstəxanada olduğunu söyləyib: “Ağabalanın durumunda dəyişən bir şey yoxdur. Hazırda həkim nəzarətindədir. Həkimlər hələ bir neçə gün onu ciddi şəkildə nəzarətdə saxlayacaqlar”.
Qeyd edək ki, Ağabala Ramazanov “Turan Tovuz”la görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb. Qarşılaşma “Səbail”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.