"Neftçi" Premyer Liqada qələbə həsrətinə Qəbələdə son qoydu. "Ağ-qaralar" "Qəbələ"ni evdə olduğu kimi, səfərdə də 2:0 hesabıyla yendi. Sportliqa.az xəbər verir ki, "Neftçi"nin heyətində sabiq "Qəbələ"li olan yarımmüdafiəçi Filip Ozobiç matçdan sonra sport24az-a müsahibə verib.
- Qəbələ sənin üçün sıradan bir məkan deyil. Bura hər dəfə hansı motivasiyayla gəlirsən?
- Əlbəttə, Qəbələyə gəlmək mənim üçün həmişə xoşdu. Burada karyeramın uğurlu dönəmi, mənim üçün çox gözəl illəri olub. Bu stadionda daim oynamaq istəyirəm.
- "Qəbələ"yə qarşı uzun müddətdi rəqib kimi çıxış edirsən. Bu zaman nə hisslər keçirirsən? Bir idman prinsipiallığı qalıb?
- Hər komandaya qarşı prinsipiallığın olmalıdı. Əlbəttə, "Qəbələ"yə də özümü göstərmək istəyirəm.
- Keçmiş komandan üzərində qələbə sevinci yaşasan da, qol vura bilmədin. Halbuki, bundan əvvəl "Qarabağ"da oynayanda bunu dəfələrlə etmisən. "Neftçi"ylə isə hələ ki bu, alınmır. Ümumiyyətlə, bu yay keçdiyin "ağ-qara" formada hələ də qol hesabını aça bilməmisən. Nədi səbəb?
- Bilmirəm. Fikrimcə, bir dəfə topu tora qovuşdura bilsəm, ardı gələcək.
- Ümumiyyətlə, ön xəttinizdə bir susqunluq var. Təsadüfi deyil ki, bombardiriniz mərkəz müdafiəçisi Yuri Matiasdı. Buna necə izah verərdin?
- Hər matçda qol vurmaq üçün çalışırıq. Sadəcə, son nöqtəni dəqiq qoymaq lazımdı. Qollarımız gəldikcə, sakit şəkildə bunu da yoluna qoyacağıq.
- Oyun necə keçdi?
- Hesab edirəm ki, "Qəbələ"dən daha çox qol imkanımız vardı və layiqli qələbə qazandıq.
- "Neftçi" cari mövsümdə qeyri-sabit çıxış edir. Hələ ki ən yaxşı halda ardıcıl 2 qələbə qazanmısınız...
- Elədi. Amma düşünürəm ki, hər oyunda artırırıq və hər şey yaxşı olacaq. Sadəcə, zaman lazımdı.
- Hədəf nədi? Çempionluq uğrunda mübarizə apara bilərsiniz?
- Hesab edirəm ki, indi heç bir şey haqda düşünməməliyik. Sadəcə, öz oyunumuzu yaxşılaşdırmaq, hər növbəti matçda qalib gəlmək haqda fikirləşməliyik.
- "Neftçi"də özünü necə hiss edirsən?
- Super!
- Mutu necə baş məşqçidi?
- Bu haqda da super deyə bilərəm. Ümumiyyətlə, komandamızda hər şey qaydasındadı. Əlbəttə, bizdə yeni komandadı və hər şeyə vaxt lazımdı.
- Ardıcıl 8-ci mövsümdü Premyer Liqamızda çıxış edirsən. Belə maraqlı, sürpriz nəticələrlə dolu çempionat görmüşdün?
- Həqiqətən də bu mövsüm çox maraqlıdı. Bütün komandalar bərabər səviyyədə çıxış edir. Fikrimcə, bu, Azərbaycan futbolu üçün yaxşıdı.