“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin futbolinfo.az saytına müsahibəsi
– “Kəpəz” üzərində 7:1 hesablı qələbəni gözləyirdin?
– Bəlkə də gözlənilən deyildi, amma alındı. Çox ciddi hazırlaşmışdıq. 3 xal qazanmaq niyyətimiz var idi və bu fikirlə meydana çıxmışdıq. Meydanda çox çalışdıq. Çünki qarşıda bizi çox çətin oyun gözləyir. Həm də ona hazırlaşmaq baxımından bütün gücümüzü ortaya qoyduq.
– “Qarabağ” son 3 oyunda qələbə qazanmamışdı. Bu, haradasa oyununuza təsir etdi?
– Əlbəttə ki, bunun təsiri var idi. Çünki 3 oyun qalibiyyətsizlik seriyası yaxşı hal sayılmamlıdır. Hamının gözlədiyi “Qarabağ” bu deyildi və biz qalib gəlməli idik.
– Səncə, geridə qalan məğlubiyyətləri unutdurduz?
– Qələbəsizlik seriyasını unutdurmağa çalışırdıq. Əslində, bu da futbolun bir parçasıdır. Bəzən elə olur ki, ardıcıl oyunlarda qalib gəlmirsən, xallar itirirsən. Belə şeyləri hər zaman görmək olar. Amma əsas odur ki, toparlana biləsən. Biz də son turda toparlanıb yaxşı qələbə qazandıq.
– Qarşıda sizi Avropa Liqasının 4-cü turunda “Bayer”ə qarşı ağır oyun gözləyir. Leverkuzenlilərə qarşı cavab matçına hazırsız?
– Təbii ki, çox ciddi hazırlaşırıq. Ən azından səfərdəki matçla müqayisədə daha yaxşı oyun gözləyirəm. Almaniyadakı qarşılaşmaya da pis başlamamışdıq. Sadəcə, bəzi xırda səhvlər oldu və həmin səhvlər qolla nəticələndi. Növbəti oyun üçün bu cür səhvləri aradan qaldırmaq lazımdır. Layiqli rəqabət aparacağıq.
– Bakıda xal qazanmaq mümkün görünür? Bu rəqiblə oyunda qazanılacaq bir xalın belə böyük əhəmiyyətə malik olacağını düşünürsən?
– Qrupda hər xal önəmlidir, əhəmiyyətlidir. Evdə oynayırıq və niyə də biz xal, ya da xallar qazanmayaq? Bunun üçün çalışmalıyıq. Meydana rəqibin adına baxmayaraq, maksimum nəticə üçün çıxacağıq.
– “Kəpəz”lə matçda stadion boş idi, Avropa Liqasında tribunaların tam dolacağını gözləyirsən?
– Əlbəttə ki, tam dolacağını gözləyirəm. Düşünürəm ki, azarkeşlər bizə yaxşı dəstək nümayiş etdirəcək.