Son vaxtlar Azərbaycan futbolunda hakim idarəçililiyi ilə bağlı narazılıqlar yenə artmaqdadır. Demək olar ki, Misli Premyer Liqanın hər turundan sonra bəzi baş məşqçilər onlara qarşı haqsız qərarlar verildiyini bildirir. Son turun iki oyununda ("Səbail" - "Turan Tovuz" və "Sabah" - "Zirə") məşqçilər Ayxan Abbasov ("Turan Tovuz") və Artur Olenin ("Sabah") bir daha hakimlərin düzgün qərarlar vermədiyini iddia etdilər.
Sportliqa.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov hakimliyin səviyyəsi ilə bağlı fikirlərini QOL.az-a bildirib. O, vəziyyətin acınacaqlı olduğunu deyib:
“Narazılıqlar ona görədir ki, heç bir iş aparılmır. Hakimlər Komitəsinin sədri (Barış Şimşek - red.) heç buralarda tapılmır. Görülən iş yoxdur. Yaxşı ki, bu VAR meydana çıxdı. Hələ VAR-la da vəziyyət çox biabırçı haldadır. VAR-da epizoda baxılır, hakim gedir başqa qərar verir. Yaxud da mənasız yerə VAR-a baxılır. Ümumiyyətlə, VAR ortaya çıxandan bütün dünyada hakimliyin səviyyəsi aşağı düşüb. Yəni hakimlər məsuliyyəti VAR-ın üstünə atırlar. Düşünürlər ki, səhv etsəm də, VAR kömək edəcək. Amma VAR olmasaydı, canı çıxıb epizodun yanında olardı və düzgün qərar verərdi. Hər şeyi VAR-a bağlayıblar. Bizim hakimlər isə hələ VAR-la yaxşı işləyə bilmirlər. Hakim epizoda yaxın olmalıdır ki, onu yaxşı görsün. Bunlar meydanda əhlikef kimi gəzirlər”.
X.Məmmədov ötən ilin yayında Hakimlər Komitəsinə sədr təyin olunan türkiyəli Barış Şimşekin fəaliyyətini sərt şəkildə tənqid edib: “Məsələ ondadır ki, heç bir iş aparılmır. Barış Şimşekin hakim təyinatları ilə bağlı apardığı iş çox bədbaddır. Onun sevimli hakimləri və gözünün düşməni olan hakimlər var. Hakim var ki, son 7 turda 4 oyun idarə edib. Hakim də var ki, heç bir oyuna təyinat almayıb. Niyə? Sən bura niyə gəlmisən? Ştuxlikin bərbad günə qoyduğu işi davam etdirir. Biz düşünürdük ki, özümüzünküdür, türkiyəlidir, gəlib kömək edəcək. Amma əksinə oldu. Görünən odur ki, Barış Şimşek bu işin öhdəsindən gələ bilmir. Çünki adam heç vaxt komitədə işləməyib. Türkiyədə ancaq VAR-la məşğul olub. Elə ona görə də onu gətiriblər".
X.Məmmədov Azərbaycanda VAR-dan düzgün istifadə edilmədiyini də bildirib: “Bəzən 10 dəqiqə VAR-a baxırlar. Yaxud da ofsayda 2-3 dəqiqə baxılır. Bunlara 30 saniyə, maksimum 1 dəqiqə baxmaq bəsdir. Bir epizoda nə qədər baxarlar? Deyək ki, oyun zamanı gözün bağlandı, görmədin, epizoda VAR-da 2-3 dəfə baxdın kifayətdir də. Bunlar epizoda baxıdca bir-birindən cavab gözləyirlər ki, sən nə deyirsən. Yəni belə tərəddüddədirlər”.
X.Məmmədov hakim səhvləri olan epizodlarla bağlı konkret danışmaq istəməsə də, “Səbail” - “Turan Tovuz” oyunundakı yanlış qərarla bağlı fikir bildirib: “Bu oyunda hakimlərin işi biabırçılıq idi. Səlahət Ağayev cərimə meydançası xəttindən çöldə topu vurur və hakimlər VAR-a baxıb ona sarı vərəqə göstərir. Sual yaranır ki, o sarı vərəqəni niyə verirsən? Axşam verilişdə də bunu soruşacam. Görüm mənə kim cavab verəcək? VAR səni həmin epizodda iki şeyə görə çağıra bilər: qırmızı vərəqə, yaxud da penalti. Səni VAR-a çağırırlar, gəlib baxıb sarı vərəqə verirsən”.
X.Məmmədov hakim səhvləri olan epizodlarla bağlı konkret danışmaq istəməsə də, “Səbail” - “Turan Tovuz” oyunundakı yanlış qərarla bağlı fikir bildirib: “Bu oyunda hakimlərin işi biabırçılıq idi. Səlahət Ağayev cərimə meydançası xəttindən çöldə topu vurur və hakimlər VAR-a baxıb ona sarı vərəqə göstərir. Sual yaranır ki, o sarı vərəqəni niyə verirsən? Axşam verilişdə də bunu soruşacam. Görüm mənə kim cavab verəcək? VAR səni həmin epizodda iki şeyə görə çağıra bilər: qırmızı vərəqə, yaxud da penalti. Səni VAR-a çağırırlar, gəlib baxıb sarı vərəqə verirsən”.
Keçmiş komitə sədri çempionatın sonlarına doğru hakimliklə bağlı durumun daha pis olacağını düşünür: “Artıq məşqçilər dillənirlər. Mən bunu əvvəldən demişdim. Hələ görün mövsümün sonuna yaxın nələr olacaq. Yəni intiriqa daha da artanda. Onda hakimliklə bağlı vəziyyət bundan da pis günə düşəcək. Çünki heç bir iş aparılmır, toplantı keçirilmir. Heç bir irəliləyiş də yoxdur. Stuxliklə Elxan Məmmədov Əliyar Ağayevin 4 ilini aldı. Yaxşı ki, Əliyar dözdü qaldı hakimlikdə. Mən düşündüm ki, Barış Şimşek Əliyara dəstək olar. Amma bu da ancaq özünü güdür. Bizim başbilənlər də buna göz yumur. UEFA ilə iş görmək lazımdır. Burda oturub özünə təyinat yazmaqla iş olmur. Barış Şimşekin yeniliyi ancaq VAR-la bağlı ola bilərdi. O da göz qabağındadır”.
X.Məmmədov hakimliklə bağlı yaranan bu durumda işıq ucu görmədiyini bildirib: “Sabah” - “Zirə” matçının baş hakim Tural Qurbanov ötən mövsüm “Kəpəz”in 7-8 oyununu idarə etdi. “Kəpəz”in başına nə oyunlar açırdı. Getdikcə hakimlə bağlı problemlər çoxalır. Əliyardan sonra cəmi bir hakim görürəm. Ona da Barış Şimşek imkan vermir. Kamran Əliyevi deyirəm. Keçmiş futbolçu Səttar Əliyevin oğludur. Çox istedadlıdır, fizikası, ingilis dili, hakimliyi əladır. Ancaq bu mövsüm cəmi 1 oyun idarə edib və ən yüksək balı alıb. Lakin 7 turdur ki, ona oyun vermirlər. Bu, Barış Şimşekin işi bilməməyinin nəticəsidir. Razıyam, təcrübəli hakimlərə daha çox şans verilməlidir. Amma gənc hakimlər də oyun idarə etməlidir”.
X.Məmmədov sonda qeyd edib ki, Hakimlər Komitəsinin sədri əcnəbi olmamalıdır: “Legioner komitə sədri tək bizdə yox, heç bir yerdə özünü doğrultmayıb. SSRİ dağılandan sonra yüzlərlə bu cür təyinat olub. Misallar çəkə bilərəm. Heç biri özünü doğrultmadı. Pyerluici Kollina 7 il Ukraynada işlədi, bir nəfə də olsun elit hakim çıxmadı. Komitə sədri yerli mentaliteti bilməlidir. Kimi hansı oyuna təyin etmək olar, bunu görməlidir. Bizdə hansısa hakimə hardasa əcaib bir münasibət olur və onu yenidən həmin yerə göndərirlər. Bu yazıq necə getsin ora. Hakimlər Kimitəsinin sədri birmənalı olaraq yerli mütəxəssis olmalıdır”.