“Kəpəz” çempionatın ən qızğın çağında önəmli futbolçularından birini itirdi.
Ötən mövsüm “sarı-göylər”in ən məhsuldar futbolçusu olmuş Abdullahi Şuaybu karyerasını başqa ölkədə davam etdirəcək.
Hepatit B virusunun daşıyıcısı olan nigeriyalı ilə klub arasındakı anlaşmaya xitam verilib.
Məsələ ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.
Belə ki, Şuaybunun virus daşıyıcısı olması bu ilin yanvarında məlum olub. Gənc hücumçu “Kəpəz”lə birlikdə Antalyadakı təlim-məşq toplanışına yollanmalı imiş.
Lakin analizin xoş olmayan cavabı Abdullahinin Türkiyəyə gedən yolunu bağlayıb. Nəticədə hamı qardaş ölkəyə yola düşüb, bank probleminə görə ölkədən çıxışına qadağa qoyulan Orxan Sadıqlı ilə Şuaybu ölkəmizdə qalıb.
Klub rəhbərliyi məsələni yoluna qoymaq üçün qollarını çırmalayıb, bütün əlaqə vasitələrini işə salıb. Çox çək-çevirdən sonra afrikalını Hepatit B-dən “qurtarmaq” mümkün olub.
Saxta sənəd düzəldilib və Şuaybu həmin sənədin sayəsində Antalyaya uçub. O, Tərlan Əhmədovun rəhbərliyi altında hazırlıq mərhələsinin son bir neçə günündə iştirak edib.
2022-ci ilin yayından “Kəpəz”in formasını geyinən Abdullahi Şuaybu bu müddətdə 45 oyunda forma şansı qazanıb, vurduğu 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sportinfo.az