Azərbaycanlı futbol məşqçisi Bəhmən Həsənov Sportal.az saytına müsahibə verib. Daha çox “Muğan” və “Rəvan”da xilaskar rolunu oynamış, komandanı çətin durumlarda qəbul etmiş Həsənov müsahibəsində həmin dönəmləri xatırlayıb.
"Rəvan"da olan bəzi insanların qeyri peşəkarlığına, şəxsi maraqlarına qurban gedirdim"
- Azərbaycan Premyer Liqasından uzaq düşmüsüz. Sizcə, niyə belədir?
- Açığı, mən uzaq düşmək istəməzdim. Çünki çox çətinliklə bu mövqeyə gəlib çatmışdım. Amma bəzi insanların şərəfsizliyi və öz sadəlövhlüyüm ucbatından belə alındı. Komanda sayı da azdır. Üstəlik, şəxsi əlaqələr, münasibətlərə görə mənə yer olmadı. Ona görə də İrana üz tutmuşdum.
- Hazırda nə işlə məşğulsuz?
- Dostumun biznes sahəsinə rəhbərlik edirəm. İşimdən də məmnunam.
- Əslində, ölkə çempionatında az işləməmisiz. Sizcə, nəyə görə sizə müraciət edən, tələb göstərən klublar olmadı?
- Dediyim kimi, burada şəxsi münasibətlər, arxa dayağın olması böyük rol oynayır. Baxmayaraq ki, iki universitet diplomuna, bir də PRO kateqoriyasına sahibəm. “Rəvan”dan sonra İranın Mazandaran şəhərini təmsil edən klubdan gözəl və rəsmi təklif almışdım. Hətta onların rəhbərliyi “Qarabağ”la oyunumuzu izləmişdi. Xoşbəxtlikdən həmin oyunda biz qalib gəldik. Amma ondan savayı, başqa təklif almamışdım.
- Buna səbəb yalnız bir klubda işləməyinizdir? Yəni, Premyer Liqada ancaq “Muğan” və sonradan “Rəvan”da çalışırdız...
- Dörd dəfə İrandan müxtəlif klublardan rəsmi təklif almışam. Ancaq maliyyə şərtlərinə görə razılaşmamışıq.
- Azərbaycan Premyer Liqası kənardan necə görünür? Sizcə, bu mövsüm həqiqətən səviyyə əvvəlkilərdən yaxşıdır?
- Xeyr, deməzdim ki, əvvəlkindən güclüdür. Müqayisə belə, etmək olmaz. Sadəcə, “Qarabağ”ı çıxmaq şərtilə, qalan komandaların səviyyəsi eynidir. Burada da beynəlxalq oyunları ölçü meyarı kimi götürürəm. Bizim çempionat fantastik liqadı. Burada nəticə etmək 2x2-dir. Sadəcə liqanın mentalitetinə baxmaq lazımdır. Kimsə nəticə göstərə bilmirsə, günahı özündə axtarsın.
"Qarabağ"ın birinci qolu erkən gəldisə, rəqiblərini "Kəpəz"in gününə salır"
- Necə düşünürsüz, “Qarabağ” bu mövsüm yenə çempion olacaq, yoxsa “Neftçi” onlara rəqabət göstərəcək?
- "Neftçi" ilə “Qarabağ”ı yalnız Sadıq Sadıqovun dövründəki komanda ilə müqayisə etmək olardı. O zamanlar intriqa daha böyük idi. İndi “Neftçi”nin hansısa oyun üslubu yoxdur. “Qarabağ” hər oyunda ən azı 5-6 100 faizli qol imkanları yaradır, birinci qolu da erkən gəldisə, rəqiblərini “Kəpəz”in gününə salır.
- “Rəvan”ın hazırda Premyer Liqada, Azərbaycan futbolunda olmaması nə ilə əlaqədardı? Ümumiyyətlə, niyə əksər klublar hazırda fəaliyyət göstərmir, maliyyə məsələsidir, yoxsa vaxtı ilə işlər düzgün qurulmayıb?
- “Rəvan” iki səbəbə görə Premyer Liqada deyil. Birincisi, AFFA ilə olan gərgin münasibət, digəri isə maliyyə sıxıntısı. Nuru müəllim intizamı və sistemi sevən insandır. Sadəcə ətrafındakılarının qeyri-peşəkarlığı və şəxsi maraqları klubun inkişafına ciddi zərbə vurdu.
- Klub fəaliyyətdə olduğu dönəmdə Azərbaycan futboluna xeyir verdi?
- Ən azından gözəl baza tikildi, futbol akademiyası quruldu. İndi də bir çox klubların aşağı yaş qrupları orada məşq edir. Millidə, Premyer Liqamızda bir çox yetirmələrimiz var. Hətta bir çox məşqçilər “Rəvan”ın hesabına mənim rəhbərliyim altında məşqçi lisenziyalarını alıb.
"Həmişə “Rəvan”a xilaskar kimin gəlmişdim"
- Futbol adamları, məşqçilər sizin haqqınızda “futbol əjdahası” deyənlər var. Lakin siz hazırda futbol sahəsində işləmirsiz. Bununla bağlı fikriniz necədir?
- Uzun məsələdir. Bunu ayrıca danışarıq. “Rəvan” mənə dəyər verdi, amma şans vermədi. Mənimlə işləmiş heç bir məşqçi və ya futbolçu mənim savadsız olmağımı, monoton məşq keçdiyimi deyə bilməz. Mənim çox gözəl futbol ideyam var. Bu isə, kompakt oyun və müdafiəyə keçiddə rəqibin qapısını hədəfləməkdir. Düşünürdüm ki, rəqibin hücumunun qarşısını almaq daha yaxşıdır, nəinki ondan top almaq. Sizə söz verirəm ki, gələn sezon milli komandalarımızın birində mütləq işləyəcəm. Mənə dəyər verdikləri üçün məşqçilərin qarşısında baş əyirəm.
- Bir də, sizinlə bağlı daha çox xatırlanan tez-tez "Rəvan"ın baş məşqçi postunda gedib- gəlməkləriniz idi. Niyə rəhbərlik uzun müddət sizə güvənmirdi? Güvənmirdsə, niyə yenidən dəvət edirdi?
- Düz deyirsiniz. Bəzi məqamlarda hətta təkliflərini qəbul etmədiyim üçün məni işdən çıxardırdılar. Dediyim kimi, “Rəvan”da olan bəzi insanların qeyri peşəkarlığına, şəxsi maraqlarına qurban gedirdim. Ancaq şadam ki, hər gəlişim zamanı “Rəvan”ı dibdən götürüb, yüksəkliyə qaldıra bilmişəm. Həmişə “Rəvan”a xilaskar kimi gəlmişdim. Son gəlişim isə çox əzablı və şərəfli oldu. Maaliyyəsiz komanda, zəif rəhbərlik, tanınmayan bir çox futbolçularla tarix yaza bildim. Hakimlərin bizə qarşı qərəzliyini nəzərə almasaq, belədir. “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Zirə”, AZAL, “Sumqayıt”la yanaşı bir çox komandaları məğlub etdik. Mən bununla və mənimlə olanlarla qürur duyuram.
- Son olaraq, sizi yenidən futbolda görəcəyik?
- Görəcəksiniz! Fərqli olacam.
Mirbağırağa