Qadın basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Litva yığmasının qonağı olacaq Azərbaycan millisi qrupdakı ilk matç üçün artıq paytaxt Vilnüs şəhərindədir.
Sportliqa.az xəbər verir ki, yığma komandamız oyunun baş tutacağı JEEP arenada ilk məşqini də reallaşdırıb. Məşqdən sonra Evren Alkaya Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Əvvəlcə, bütün Azərbaycan xalqının zəfər bayramını təbrik edirəm. Avropa çempionatının seçmə mərhələsi ilə əlaqədar Azərbaycanda 25 günlük təlim-məşq toplanışı keçirdik. Bəzi oyunçular öz klublarının heyətlərində oyuna çıxdıqlarına görə məşqlərə qatıla bilmədi. Buna baxmayaraq, 25 gün ərzində çox ciddi hazırlaşdıq. Bu müddətdə 2 hazırlıq görüşündə də qüvvəmizi sınadıq. Artıq komandada anlaşma səviyyəsi də yüksəkdir. Seçmə mərhələdə rəqiblərə qarşı taktiki gedişlərimizi də basketbolçularımıza aşıladıq. Həqiqətən də çətin bir turnir olacaq. Amma burada Azərbaycanı təmsil edəcəyimizə görə qürur hissi keçirəcəyik. Burada oynamaq üçün bizə şərait yaratdığına görə Azərbaycan Basketbol Federasiyasına təşəkkür edirik. Burada bizi hazırkı Avropa çempionu Belçika ilə yanaşı səviyyəcə bir-birinə yaxın Polşa və Litva komandalarına qarşı oyunlar gözləyir. İlk oyunumuzu Litva millisinə qarşı keçirəcəyik. Rəqibin oyununu yaxşıca təhlil etmişik. Onların qarşısını kəsmək üçün mübarizə aparacağıq. Burada Azərbaycanı layiqli şəkildə təmsil edəcək və ürəklə oynayacağıq. Komandama güvənirəm. Bu hələ bizim üçün başlanğıcdır. Qarşıdakı illərdə daha güclü komandaya çevrilmək üçün əlimizdən gələni edəcəyik. 2025-ci ildə keçirəcəyimiz oyunlarda indiki ilə müqayisədə daha yaxşı olmalıyıq”.
Noyabrın 9-da keçiriləcək Litva – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.