“Kəpəz” klubunun keçmiş baş məşqçisi Azər Məmmədov mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Sportliqa.az xəbər verir ki, Məmmədov komanda.az saytına müsahibəsində bəzi vacib məqamlara aydınlıq gətirib:
Keçmiş komandanızdakı köməkçiniz Etibar Məmmədovun ayağınızın altını qazaraq, baş məşqçi vəzifəsinə təyin edilməsi haqda mətbuada xəbərlər yayılıb. Bu barədə nə düşünürsüz?
İlk növbədə, mənim üçün “Kəpəz” məsələsi artıq geridə qaldı. Ona görə, bu haqda açıqlama vermək istəmirəm. Amma bu məsələ mən baş məşqçi postunda olan zaman baş verib. Mən istefa verən zaman mənim köməkçilərim də istefa verdilər. Bəzi məşqçilərin orda qalmasının səbəbkarı mən özüməm. Rəhbərlik məndən xahiş etdi ki, yeni baş məşqçi tapanadək köməkçilərimdən komandada qalmasını istəyim. “Araz-Naxçıvan”la oyuna hazırlaşmaları üçün. Hər bir şeyə rəğmən, siz bilirsiz ki, “Kəpəz” bizim doğma klubumuzdur. Köməkçilərim də özlərinə borc bildilər ki, kıubda qalıb kömək etmək lazımdır. Sağ olsunlar, sözümdən çıxmadılar. “Araz-Naxçıvan”la oyundan sonra onlar orada qalası deyil. Qaldı ki Etibar müəllimin mənim işimə müdaxilə etməsinə, mən öz köməkçilərimə azadlıq vermişdim, bütün fikirlərini mənimlə paylaşsınlar. Çünki ağıl ağıldan üstündür. Və əlbəttə ki, orda baş məşqçi mən idim, son sözü mən söyləyirdim, mənim işimə heç kim müdaxilə edə bilməzdi. Ona görə də, bizim iş birliyimiz yaxşı alınırdı. Biz “Kəpəz” klubu üçün ən yaxşısını etməyə çalışırdıq. Düzdür, sonuncu pillədə olsaq da, biz “Kəpəz” üçün çox şey etdik.
“Kəpəz”in bəzi futbolçularının “Qarabağ”la oyundan dönər yediyini göstərən şəkillər mətbuatda yayılıb. Bu məsələ haqda nə deyə bilərsiz?
Mən “Qarabağ”la oyundan sonra istefa qərarını vermişdim. Məğlub olsaq belə, hər oyundan sonra futbolçulara motivasiya verirdim. Çünki hər məğlubiyyət həyatın sonu demək deyil. Mən yenə də həmin oyundan sonra futbolçularla danışdım və onlara iki günlük istirahət verdim. Düşündüm ki, bu iki gün futbolçulara psixoloji zərbədən sonra özlərinə gəlməyə yardımçı olar. Oyundan sonra bizim avtobusumuzun akkumulyatorunda problem yaranmışdı. Biz iki saat stadionda qalmalı olduq. Futbolçulara iki günlük tətil vermişdim. Ona görə də, onların şəxsi həyatına qarışa bilmərəm. Rəhbərlik və mən hər zaman futbolçulara tapşırmışıq ki, harda olursuzsa olun, “Kəpəz”in adına hörmətlə yanaşın. Futbolçular iki günlük sərbəst idilər və onların həyatına qarışa bilmərik. Onlara deyə bilmərik ki, gedib dönər almayın. Biz həmin günü saat 4-də matça çıxmışdıq. Bizim oyun yeməyimiz saat 12-də verilmişdi. Futbolçu əlbəttə ki, bu müddət ərzində ac olacaq. Futbolçu istirahət vaxtı gedib dönər alırsa, bunun kluba heç bir dəxli yoxdur. Mən burda qeyri-adi bir şey görmürəm. Futbolçu istəsə dönər yeyər, istəsə kabab. Bu, klubun futbolçulara yemək verməməsi demək deyil. Futbolçu da bir insandır. Bilirsiz, bizim şəxsi avtobusumuz yox idi. Oyunlara ən yaxşı avtobusla gedirdik. Bizim üçün ev oyunu anlayışı yox idi. Yeməyimiz yüksək səviyyədə təmin edilirdi. Bizim bu cür məsələlərlə bağlı heç bir problemimiz olmayıb. Durub yalandan danışa bilmərəm. Mən başqa klublarda da işləmişəm. Onu deyə bilərəm ki, “Kəpəz”də yemək, avtobus və otel yüksək səviyyədə təşkil edilirdi. “Kəpəz” bu cür məsələlərdə heç bir klubdan geri qalmır.