"Kəpəz" Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin məşqçisi Etibar İbrahimov jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün sevindirici hal o idi ki, təzyiq yox idi. Ən azından azarkeşlər bilirdilər ki, bir oyunluq buradayam, istefa qışqırmayacaqlar. Azər Məmmədova görə oynadıq. Zaman lazım idi ki, komanda özünə gəlsin. Sübut etdik ki, Azər müəllim yaxşı komanda formalaşdırıb. Sadəcə müəyyən zədələr, səhvlər bizi acı məğlubiyyətlərə gətirib çıxardı. Bu gün komanda hər şeyi etdi ki, azarkeşləri sevindirsin. Möhtəşəm azarkeşlərimiz bizimlə idilər. Onlara təşəkkür edirəm. Bu, yəqin ki, axırıncı çıxışımızdı. Komandamıza uğurlar arzulayıram. Allah qoysa, "Kəpəz" layiq olduğu yerə gəlib çıxarlar. Yeni gələn məşqçiyə də uğurlar arzulayıram.
- Komandanın xaraktet göstərməsi üçün Azər Məmmədovun getməsi lazım idi?
- Hərdən həyatda elə şeylər olur ki, insanlar yaxınlarını itirəndə qədrini bilirlər. Uşaqlar Azər müəllimi itirdiklərini gördükdə, onun üçün döyüşdülər. O, komandanı yüksək səviyyədə idarə etdi, hər şeyi etdi ki, Gəncə futbolu ayağa qalxsın. Əfsuslar olsun ki, Azər müəllimə bəzi kütlələr tərəfdən zaman tanınmadı. Müəyyən səbəblərə görə Azər Məmmədov istefa verdi.
- Sizə baş məşqçi kimi qalıb işləmək təklif olunsa, cavabınız necə olacaq?
- Azər müəllimlə gəlmişəm. Onunla birlikdə komandanı tərk edirəm. Baş məşqçi və ya köməkçi kimi qalmaq niyyətim yoxdur.
- Gələcək planlarınız haqda nə düşünürsüz?
- Bilmirdim ki, bu gün qələbə qazanacağıq. Ağır günlər keçirdik. Zaman lazımdır ki, özümüzə gələk. Allah nə yazıbsa, o da olacaq.
- Daha çox ölkə xaricində işləmisiz. Yenidən xaricə gedəcəksiz?
- Dekabrda Almaniyaya getməyi planlaşdırıram. "Ayntraxt"la müqaviləm var idi. Onları "Kəpəz"də işləmək üçün təxirə saldım. Akademiya pandemiyaya görə bağlanmışdı. Buna görə kompensasiya vermişdilər. "Kəpəz"ə gəldim, xidmət etmək üçün. Azər Məmmədov kimi insanla işləmək şərəf idi. Heç nəyə peşman deyiləm. Premyer Liqada təcrübə qazandıq. 8 il alman məşqçi ilə işləmişəm. Deyirdi ki, Etibarla dalaşırıq, vuruşuruq, sonda komanda üçün xeyirdir. Azər Məmmədovla da belə idi.
- Sizcə, gələn məşqçi Gəncə futboluna, "Kəpəz"ə uğur qazandıracaq, yoxs, müəyyən kütlə orada qaldıqca, Joze Mourinyo da gəlsə, düzəldən deyil?
- Bu suala 60 faiz cavab verəcəm. Bəli, müəyyən problemlər var. Çox xoş haldır ki, bu il komandanın içində problem yox idi. Amma kənarda müəyyən kütlələr tərəfindən hazırlanmış planlar var idi. Əfsuslar olsun ki, bu, Gəncə futbolunun inkişafına təsir etdi. Ümid edirəm ki, gələn məşqçi Gəncə futbolu üçün uğurlar qazandırar.