AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək «Sabah»ın məşqçi korpusu və futbolçuları ilə görüşüb.
Toplantı klubun Masazırda yerləşən bazasında baş tutub.
Funksioner hakimlik və bu sahədə tətbiqinə başlanan yeniliklər barədə onlara məlumat verib. Yığıncağın gedişində Murad Musayevlə onun arasında fikir ayrılığı yaranıb.
İki ildir ölkəmizdə çalışan rusiyalı baş məşqçi ötən müddət ərzində qarşılaşdığı problemlər haqda fikirlərini dilə gətirib, «fit sahibləri»nin qərəzli münasibətdən şikayətlənib, ayrı-seçkiliyə məruz qaldıqlarını bildirib.
O, hakimlərin yarıtmaz və biabırçı idarəçiliyinə dair xeyli misal çəkib, komitə sədrini fakt qarşısında qoyub. Şimşək pərt olsa da, özünü ələ almağa çalışıb, Musayevə aldığı qırmızı vərəqələrin sayını xatırladıb.
Təbii ki, cavab da alıb.
Sabiq «Krasnodar»lı «bayaqdan burada başqa ölkələrin çempionatından 3 nümunə gətirirsiz, gedin təyinat verdiyiniz hakimlərin çıxdığı hoqqalarla bağlı tədbir görün, bir də boş-boş danışmayın» deyib.
sportinfo.az