“Qarabağ”ın kapitanı Maksim Medvedev “Bayer”lə oyun haqda müsahibə verib. Təcrübəli müdafiəçisi penaltiyə səbəbkar olduğu matçdan sonra ortaya çıxan sualları cavablandırıb.
- Məğlubiyyətin əsas səbəbini nə ilə əlaqələndirə bilərsən?
- Səfər matçı ilə müqayisədə komandamız bu gün daha yaxşı oynadı. Rəqib hər nə qədər adlı-sanlı, güclü olsa da, çəkinmədik, sona qədər mübarizə apardıq. Baş məşqçi hansı tapşırıqları vermişdisə, futbolçular artıqlaması ilə yerinə yetirdi.
- 1:5-dən sonra Qurban Qurbanov sizə nə demişdi? Nələri dəyişməyinizi tapşırmışdı?
- Əsasən taktika ilə bağlı müəyyən tapşırıqlar verilmişdi. Və ən əsası, kimin hansı futbolçuya diqqət yetirməli olduğunu bildirmişdi. Deyim ki, çox güclü analiz olmuşdu. Aparılan təhlilin nəticəsi bu gün meydanda özünü göstərdi. Üstəlik, doğma meydanımızda oynayırdıq, azarkeşlərin dəstəyini tam hiss edirdik. Penaltidən buraxdığımız qol olmasaydı, fərqli nəticə alınardı.
- Penalti epizodunda diqqətlər sənə yönəlmişdi. Buna görə çox tənqid olunursan. Buna görə özündə səhv görürsən, yoxsa hakim fərqli qərar verə bilərdi?
- Penalti epizodu mənimlə bağlıdırsa, deməli, günahkar mənəm. Amma təkrara baxanda da görünür ki, mən topu görmürdüm. Topu başla uzaqlaşdırmaq üçün tullanmışdım və top məni aşmışdı. Rəqibin zərbəsindən sonra arxadan əlimə dəyir. Yəni mənim niyyətim topa toxunmaq deyildi. Bilərəkdən əllə oynasaydım, rəqibi tutsaydım, kobud oynasaydım, bunu başa düşmək olardı. Son qaydalara görə top ələ dəyirsə, 11 metrlik cərimə zərbəsi təyin olunur.
- Hakim “nöqtə”ni göstərəndə ağlından “kaş ki, meydana çıxmazdım, sona qədər ehtiyatda qalardım” peşmanlığı keçdi?
- Yox, açığı, elə bir fikir olmadı. Buraxılan hər qolda kiminsə səhvi olur. Bu gün bu səhvə mən yol verdim.
- Oyundan sonra Qurban Qurbanov sənə nə dedi? Reaksiyası necə oldu?
- Matç başa çatandan sonra az oynayanlar məşq etdik. Ona görə də hocanı görmək imkanım olmadı. Sabah bazada görüşəcəyik.
sportinfo.az