Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində dünən İsveçi 3:0 hesabı ilə məğlub etdi. Bu, yığmanın İsveç üzərində qazandığı ilk qələbə idi.
Sportliqa.az xəbər verir ki, millinin sabiq üzvü Elvin Məmmədov "FutbolPress"ə açıqlamasında millinin layiqli qələbə qazandığını dedi:
"Azərbaycan yığmasını təbrik edirəm, əzmkar mübarizə aparıb, layiqli qələbə qazandılar. Hesab da oyuna görə oldu. İlk turlardan bu həvəslə oynasaydılar, bəlkə də bu gün qrupdan da çıxa bilərdik. Hücum futbolu sərgilədik, rəqib üzərində təzyiq yaratdıq. Belə temp və dinamika ilə digər komandaları da məğlub etmək olardı. Xal və xallar qazanmaq şansını əldən verdik. Keçmişi qaytarmaq olmur. Mərhələ bitir, lakin bundan sonrakı turnirlərdə belə oyun sərgiləyib, yaxşı nəticə əldə etmək olar. Bu nəticələr De Byazinin yox, futbolçuların uğurudur. Çünki son illərdə legioner sayı artır, futbolçular üzərlərində çalışırlar, bunun da nəticəsini görürük. Həmçinin buna "Qarabağ"ın Avropa məkanında yaxşı çıxış etməsi səbəbdir. Qələbəni De Byazi ilə əlaqələndirmək olmaz. Dünən Emin Mahmudov və Renat Dadaşovun oyununu xüsusi fərqləndirərdim. Düzdür, hər biri yaxşı çıxış etdi, amma bu fubolçular oyunu üzərilərinə götürdülər və qələbəyə böyük qatqıları oldu".
Məmmədov Belçika ilə oyunda da Azərbaycan yığmasının şanslarını qiymətləndirdi:
"Bu, hər birimizin yığmasıdır. Düzdür, komandanın oyununa Bəhlul Mustafazadə və Ramil Şeydayevin olmamağı təsir edəcək. Güclü rəqibdir, Belçika haqda çox danışmağa dəyməz. Qrupda qazandığı qələbələr hər şeydan xəbər verir. Səfərdə qazanılan heç-heçə bizim üçün 3 xala bərabərdir. Lakin qeyd etdiyim kimi, çətin olacaq, əsas odur meydanda əzimkar oyun görək. Qrupun son matçıdır. Axrıncı oyunu müsbət notlarla başa vurmalıyıq".
Azərbaycan yığması noyabrın 19-da səfərdə Belçika ilə qarşılaşacaq.