“Bu qələbə ilə İsveçdəki məğlubiyyətin təsadüf olduğunu sübut etdik”.
Sportliqa.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev İsveçə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı “championat.com” saytına açıqlamasında deyib.
29 yaşlı qolkiper inamlı qələbə qazandıqlarını bildirib: “Bu, mənim üçün millidə ən dəyərli qələbədir. Doğma azarkeşlərimiz önündə güclü rəqibi 1:0 deyil, 3:0 hesabı ilə məğlub etdik. Yüksək motivasiyalı idik. Öz meydanımızda qələbə qazanmaq istəyirdik. Planlaşdırdığımız hər şey baş tutdu. Düşünürəm ki, qırmızı vərəqə olmasaydı, daha yaxşı oynaya bilərdik”.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan millisinin heyətində 25 oyuna çıxıb. Komandamız cari tsiklin son matçını noyabrın 19-da Brüsseldə Belçikaya qarşı keçirəcək. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv 7 xalla F qrupunda 4-cü pillədə qərarlaşıb.