Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Sportliqa.az xəbər verir ki, italiyalı mütəxəssis 0:5 hesabıyla başa çatmış qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyundan qabaq da bizi çox ağır oyun gözlədiyini demişdim. Belə də oldu. Güclü rəqiblə oynadıq. Belçika yığması qrupun ən güclü komandasıdır. Hansı ki, cəmi bir heç-heçələri vardı, o da məlum səbəblərdən İsveçlə başa çatmamış oyun idi. Qalan bütün oyunlarında qələbə qazanmışdılar. Bizim üçün üç gündən bir oynamaq çox çətindir. Öz meydanımızda Belçikaya qarşı ilk oyunda çox yaxşı oynamışdıq. İsveçlə, Estoniya ilə oyunlarımız çox yaxşı keçmişdi. Az xal qazansaq da, hər bir oyunda sonadək vuruşduq. Bugünkü oyuna gəlincə, 24-cü dəqiqədə 10 nəfərlə qalandan sonra oynamaq çox çətin idi. Uşaqlar bundan artığını bacarmazdılar”.
İtalyan mütəxəssis ötən oyunda pis təsir bağışlamamış Coşqun Diniyevin əvəzində bu dəfə oyun təcrübəsi az olan Eddi İsrafilova şans verməsinin səbəblərindən də söz açıb:
“Dediyim kimi, üç gündən bir oynamaq bizim üçün çox çətin olur. Xüsusilə də fiziki baxımdan. Bunu nəzərə almaq lazımdır. Həmişə fiziki hazırlıq üzrə məşqçidən oyunçuların durumunu soruşuram, onların özləri ilə söhbətləşirəm ki, durumlarını bilim. Bu gün Eddini ilk dəqiqələrdən meydanda gördünüz. İsveçə qarşı çox yaxşı oynamışdı. Beynimdə vardı ki, ilk hissədə Eddi oynasın, fasilədən sonra Coşqunu buraxaram. Amma alınmadı. Ramil Şeydayevlə Bəhlul Mustafazadə də cəzalı durumda olduqları üçün əvəzlənmişdilər. İkinci hissədən daha çox razı qaldım. Fasilədə uşaqlarla danışdıq. Düzdür, yenə qol buraxdıq, amma xarakter göstərdik. Mənim komandalarım heç vaxt təslim olmamalıdır. 8 nəfərlə də qalsaq, sonadək döyüşməliyik”.
Sonda italiyalı mütəxəssis azərbaycanlı jurnalistlərin tənqidi suallarından əsəbləşərək bir müddət öncə olduğu kimi, yenə mətbuat konfransını əsəbi halda erkən tərk edib:
“Dünən Cəbəllütariq 14 top buraxdı. Vaxtilə Fransa sizə 10 dənə vurub. Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrari komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.