Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunları davam edir. "Kür-Araz"la qarşılaşan "Sheki City" rəqibinə azarkeşləri önündə məğlub olub - 1:2.
Sportliqa.az xəbər verir ki, Şəki klubunun prezidenti Elgün Hüsenyov "FutbolPress"ə açıqlamasında son matçda hakimlərin qərəzli olduğunu dedi:
"Son oyunlarda qollarımız qeydə alınmır. Hakimlərin qərəzi ilə üzləşirik. Kimsə deyə bilər ki, bu, uduzan komandanın bəhanəsidir, lakin belə düşüncədə olanlar açıb görüntülərə baxsın. Oyun barəsində danışırıqsa, qarşılaşma maraqlı keçdi, gərginlik hiss olunurdu. Yerli əhalinin marağı böyük idi. 700-dən çox azarkeş gəlmişdi. Amma məğlub olduq. Qollarımız hesaba alınmadı. Məsələn, çempionatda "Cəbrayıl"a qarşı keçirdiyimiz matçda hakim Cavid Hüseynovla çox yaxın idi deyə onlara güzəşt edirdi. Oyundan əvvəl qucaqlaşırlar, danışıb-gülürlər, matç vaxtı isə bitərəf olmurlar. Oyunun gedişində 4-cü hakim bizim məşqçiyə sərt şəkildə müraciət edir, amma qarşı tərəfə eyni davranmır. Deyirlər ki, "Cavid müəllim, zəhmət olmasa filan şey edin, belə etməyin və s". Belə şey olmur. Bundan başqa, 3-cü dəqiqədə qol vururuq saymırlar, oyunun sonunda penalımızı vermirlər. Bizi həvəsdən salmaq istəyirlər, amma yolumuzdan dönən deyilik. Mübarizə aparacağıq. İstəyirik ki, Şəkinin komandası Azərbaycan Premyer Liqadasında çıxış etsin, avrokuboklarda oynasın. Əsas futbolçunun psixoloji durumudur ki, onu da daim yüksək tutmağa çalışırıq. Noyabrın 24-ü "Kür-Araz"la liqa oyunumuz olacaq, onları məğlub etməyə çalışacağıq. Bir növ revanş matçıdır".
Məşqçi hazırda davam edən ianə kompaniyası haqda da məlumat verdi:
"Hazırda "100 nəfər şəkili axtarırıq" ianə kompaniyasına 27 nəfər qoşulub, hərəsi minimum 100 manat olmaqla hər ay ianələr edir. Biz isə qarşılığında onların məhsullarını stadionda reklam edirik. Bu yaxınlarda VİP lojalar olacaq. İanə edənlərə hər oyun pulsuz bilet veriləcək. Onlar klubun fəxri üzvləridir. Hər ay həmin şəxslərə hesabat veririk. Bu, Avropa ölkələrində də var. İstəyirik ki, pulları düzgün yerə xərcləyək və uşaq futboluna ayıraq. İanə edənlər dostlardı, orta təbəqədir. Yəni Şəkinin iş adamları deyil".