Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsinin son oyununda Belçikaya məğlub oldu - 0:5.
Sportliqa.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sabiq sədri, futbol mütəxəssis Xəqani Məmmədov "FutbolPress"ə açıqlamasında yığmanın böyükhesablı məğlubiyyətini şərh etdi:
"Belçika ilə oyundan nə demək olar? Sadəcə fiasko, biabırçılıq. Matç göstərdi ki, İsveçlə oyundakı qələbə təsadüfi idi. Onsuz onlara nəticə lazım deyildi və bundan istifadə edərək, qələbə qazanıldı. Başa düşmürəm, De Byazinin niyə ətəyindən yapışıblar? Görmüşük ki, bir tsiklda uğur qazana bilməyəni göndərirlər, ancaq bizdə elə deyil. Görün, neçə müddətdir yığmadadır, amma nəticə yoxdur. İnkişafdan danışır, hanı inkişaf? Hər seçmə mərhələdə sonuncu olmamaq üçün oynayırıq".
Məmmədov baş məşqçi De Byazinin vəzifəsindən göndərilməli olduğunu bildirdi. O, mütəxəssisin Azərbaycan yığmasının illərini boşa verdiyini söylədi:
"De Byazi getməlidir. Onun vaxtı çoxdan çatmışdı. Azərbaycan millisinin illərini boşa verdi. Tək De Byazini deyil, AFFA İcraiyyə Komitəsindəkiləri göndərmək lazımdır, yerlərinə futbolu bilən adamlar gəlməlidir. De Byazini niyə saxlayırsız, nə əldə edib, nə qazanıb? Deməli, nəsə maraqları var".
Həmsöhbətimiz italiyalı mütəxəssisin Belçika ilə oyundan sonra azərbaycanlı jurnalistləri "axmaq" adlandırmasına da münasibət bildirdi:
"De Byazi jurnalistləri deyil, AFFA İcraiyyə Komitəsindəkiləri, bütün Azərbaycan xalqını təhqir etdi. Onu qovmaq lazımdır, çoxdan etməli idilər, amma hələ qalıb. Bilmirəm, niyə bu qoca italyanın ətəyindən yapışıblar. Hər oyundan sonra məğubiyyətə don geyindirməyə çalışır, konfranslarda təxribat yaradır. Son oyunda da jurnalistləri "axmaq" adlandırdı. Axmaq elə özüdür ki, qalib heyəti dəyişir. İsveçlə oyunda Eddi cəmi 15 dəqiqə oynamışdı, deyir, yaxşı performans göstərdi. Nə etdi ki, o? De Byazi heyəti dəyişməklə vəziyyəti pisləşdirdi. Eddi heç klubunda oynamır, niyə Belçika ilə matçda ona güvənirsən? 4 dəqiqəyə iki sarı vərəqə aldı... Rusiya telekanalından oyuna baxırdım, bu epizoda dedilər ki, "Eddi tupoydur". Həqiqətən, düz deyirlər. Necə belə davranış göstərə bilərsən? Məsuliyyətsizliyə şans yaradan da elə De Byazidir. Bəlkə də, oyundan sonra Eddiyə təşəkkür edib ki, bəhanəm oldu. Deyir ki, Belçika ilə matçda ikinci hissədə xarakter göstərdik. Hansı xarakter? Get, Domeniko Tedesko (red-Belçikanın baş məşqçisi) təşəkkür et ki, Lukakunu əvəzlədilər, yoxsa 7-8 qol vurardılar".