Azərbaycan yığmasının baş məşqçisi De Byazi Belçikaya 0:5 hesablı məğlubiyyətdən sonra qalmaqallı açıqlama ilə yadda qaldı. “Qafqazinfo” xəbər verir ki, o, məğlubiyyətin səbəblərini soruşmaqla haqlı irad bildirən azərbaycanlı jurnalistləri “axmaq” adlandırmaqla tənqid hədəfinə tuş gəldi.
Həmçinin milli komandamızın uğursuzluğu fonunda istər media, istərsə də, azarkeşlər italyan çalışdırıcının getməli olduğu barədə kütləvi paylaşımlar etdi.
Sportliqa.az xəbər verir ki, De Byazi də “Qafqazinfo”ya müsahibə verərək həm yığmamızın son 4 ildəki çıxışı barədə fikirlərini bildirdi, həm də jurnalistlərlə bağlı qalmaqallı açıqlamasına aydınlıq gətirməyə çalışdı:
“Düşünürəm ki, bizim gördüyümüz işi dəyərləndirmək istəmirlər. Mən və futbolçularım özümüzü hörmətsiz kimi hiss edirik. Estoniyaya səfərdə 2:0 hesabı ilə qalib gəldiyimiz oyundan sonra jurnalistlərdən biri mənə deyir ki, bu nə statistikadır. Baxmayaraq ki, biz qalib gəlmişdik. 2022-ci ildən dünənə qədər bizim ortalama xal hesabımız 1,5-dir. Jurnalistlər bizi oxumur. Bəzilərinin niyyəti pozitiv anımızda bizə neqativ ötürməkdir. Belçikadakı sözlər heç bir jurnalistə qarşı hücum deyil.
Mən ümumi desəm də, bu sadəcə bir neçə nəfərə aid idi. Həmin vaxt mənim qarşımda oturanlar haqqında danışmışam. Bəlkə də tərcümədə hansısa səhv olub, amma mən heç bir jurnalistə birbaşa “axmaq”, “gic” deməmişəm. Əgər kim ki reallığı, inkişafı görmək istəmirsə, ona axmaq demişəm. Pozitiv anlarda neqativ axtaranlara aid ola bilər. Belçikalı tərcüməçi xanım mənim dediklərimi jurnalistlərə düzgün çatdırmayıb. İsveçlə matçdan qabaq da komandanın inkişafını görməyənlərə eyni sözü demişdim. Heç vaxt heç kəsi təhqir etməmişəm. Mən əsəbiləşə bilərəm, amma belə bir şey ola bilməz”.
İtaliyalı çalışdırıcı daha sonra Belçikaya 0:5 hesablı məğlubiyyətdən də söz açıb: “Bizim komandaya iki oyun oynamaq çox çətindir. Bərpa prosesi çətin keçir. Səfərdə güclü rəqibə qarşı oynayırdıq. Onların heyətindəki oyunçular Avropanın top çempionatlarında çıxış edir”.
Müsahibənin tam versiyasını videodan izləyə bilərsiz:
Elsevər Məmmədov
Foto-Video: Xəyal Vəlizadə