Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. Ölkə birinciliyində debüt edən "Gəncə" klubu Bakının “Murov Az Terminal” komandasını qəbul edib.
Sportliqa.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində keçirilən görüşdən əvvəl yerli komandanın Yüksək Liqada mübarizəyə başlaması, həmçinin ölkə çempionatının oyunlarının paytaxtla yanaşı, bölgələrdə də keçirilməsi münasibətilə tədbir təşkil olunub. İlk dəfə voleybol üzrə ölkə birinciliyinin oyunlarına evsahibliyi edən Gəncə Olimpiya İdman Komleksinin tribunaları yerli azarkeşlərlə dolu olub. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, digər rəsmi qonaqlar, federasiyasının nümayəndələri də iştirak ediblər.
Voleybolsevərlər tərəfindən maraqla qarşılanan açılış tədbirindən sonra isə qarşılaşmaya start verilib.
Görüş qonaqların üstünlüyü ilə keçib. Bakı klubu hər üç setdə üstün olub - 3:0 (25:18, 25:17, 25:18).
Beləliklə, Yüksək Liqaya inamlı qələbə ilə başlayan "Murov Az Terminal" ilk xallarını hesabına yazdırıb.
Qeyd edək ki, “Gəncə” klubu çempionatdakı bütün ev oyunlarını Gəncədə keçirəcək.