Kişilərdən ibarət “Xarı Bülbül” voleybol klubu Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciət ünvanlayıb.
Sportliqa.az xəbər verir ki, müraciət bu gün Yüksək Liqada keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınması ilə bağlıdır.
Müraciətdə bildirilir ki, “Xarı Bülbül” klubu Çelenc Kubokunun 1/16 final mərhələsində noyabrın 29-da Yunanıstanın “Panatinaikos” kollektivinə qarşı cavab matçına çıxacaq. Şuşa təmsilçisinin bu oyuna səmərəli hazırlaşa bilməsi üçün noyabrın 23-də Azərbaycan çempionatında “Xarı Bülbül”ə (Laçın) qarşı matçının təxirə salınması xahiş olunub.
AVF bu müraciəti nəzərə alaraq, noyabrın 23-nə planlaşdırılan “Xarı Bülbül” (Şuşa) – “Xarı Bülbül” (Laçın) görüşünün təxirə salınması ilə bağlı qərar qəbul edib.
Beləliklə, bu gün Yüksək Liqada yalnız bir qarşılaşma baş tutacaq. Saat 19:00-da “Azərreyl” – “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.
Təxirə salınan “Xarı Bülbül” (Şuşa) – “Xarı Bülbül” (Laçın) matçının keçiriləcəyi tarix haqqında məlumat veriləcək.