Azərbaycan millisi AVRO-2024-də seçmə mərhələni 7 xalla 4-cü pillədə başa vurdu. Növbəti tsikin bitməsi ilə yığmada Canni de Byazi dönəmi də bitdi. Belə ki, AFFA müqaviləni uzatmadığı 67 yaşlı italiyalı mütəxəssisin yerinə yeni baş məşqçi axtarır. Millinin legioner həyatı yaşayan üzvlərindən olan İsveç "Yurqorden"inin hücumçusu Musa Qurbanlıyla söhbətimizdə bir sıra mətləblərdən söz açdıq. Sportliqa.az xəbər verir ki, 21 yaşlı futbolçu sport24.az-a müsahibəsinə İsveç (3:0) və Belçikayla (0:5) matçlar haqda fikirlərini bildirməklə başlayıb:
- İlk oyun çox möhtəşəm alındı. Bakıda tarixi qələbə qazandıq. İsveçlə matçdan sonra hamımız çox sevincli idik. Əlbəttə, qələbə qazananda istər-istəməz ümidlənirsən ki, növbəti oyunlarda da çox yaxşı nəticə əldə edə bilərik. Lakin Belçikadakı matç çox çətin idi. Həm də görüşün əvvəllərində 10 nəfərlə qaldıq. Belə rəqibə qarşı da azlıqda oynamaq çox çətindi. Düzdür, həmişə daha yaxşısını edə bilərik. Lakin yekun nəticə çox üzücü oldu. Belə fərqli təəssüratlı matçlar alındı. Təbii ki, daha yaxşı nəticə olmasını istəyərdik - qələbənin davamını gətirək, tsikli pozitiv notlarla bitirək. Amma belə alındı.
- Heç bir oyunda şans qazanmamağın sənə psixoloji cəhətdən necə təsir göstərdi?
- Bu, heç bir təsir etmir. Ümumiyyətlə, oynamamağımın neqativ təsiri olmur. Yalnız öz işimi görürdüm, oynadım-oynamadım, çalışıram bunu edim. Necə deyərlər, ancaq öz işimə konsentrasiya olmuşam. Oynamayanda bu, daha da məni motivasiya edir, həvəsdən düşmürəm. Fikirləşirəm ki, üzərimdə daha çox çalışmalıyam. Hər halda, daha yaxşı, daha güclü olsam, oyunumu artıra bilsəm, inşallah ki, şans qazanaram.
- Maraqlıdı, millilərinin Azərbaycana böyükhesablı məğlubiyyəti İsveçdə necə qarşılandı?
- İsveçlə oyundan sonra əlbəttə ki, bu ölkədəki fikirlər mənim üçün də maraqlı oldu. Klubuma gələn kimi uşaqlarla 3:0 haqda danışdıq. Hamısı deyirlər ki, niyə belə etdiniz (gülür). Əlbəttə, onlar üçün də adi bir görüş deyildi. Düzdür, öz ölkələrinin milliləri olsa da, komanda yoldaşları olduğum üçün isveçlilər üçün də matç maraqlı idi. Bu barədə maraqlı söhbətlərimiz oldu. Amma çox uzun müzakirə olmadı.
- Canni de Byazi ilə yolların ayrılmasını necə qarşıladın? Bu, şəxsən sənin üçün nə dərəcədə gözlənilən, yaxud gözlənilməz oldu?
- Bildiyim qədər müqaviləsi qurtardı. Nə deyim, sağ olsun hər şeyə görə. Necə də olmasa, həm 3 il milli komandamızın başında oldu, həm də bizim çalışdırıcımız. Ona gələcək karyerasında uğurlar arzulayıram. Peşəkar futbolçularıq, baş məşqçi kim olsa, kim də gəlsə, çalışmalıyıq ki, işimizi maksimum məsuliyyətlə görək.
- Miillidə debütün bu italiyalı mütəxəssisin dövründə baş tutdu. O, karyeranda hansı iz buraxdı? Milliyə yolunun açılmasına bir töhfə verdimi?
- Əlbəttə ki, debüt edəndə çox gənc idim. Bununla belə, məni milliyə çağırdı, debüt etmək imkanı qazandım. Yenə hər şeyə görə çox sağ olsun. Ən azından əziyyət çəkib millimiz üçün, dediyim kimi baş məşqçimiz olub.
- De Byazinin jurnalistləri təhqir etməsi də əsas müzakirə mövzularındandı...
- Mətbuatdan bunu görmüşəm. Amma buna nə fikir bildirim? Mən futbolçuyam, istəməzdim belə olsun. Əlbəttə, xoşagələn hadisələr deyil.
- Bu da aydın məsələdi ki, sən futbolçu olaraq baş məşqçiylə bağlı qərar vermirsən. Amma hər halda, milli üzvü kimi gedən müzakirələrlə bağlı mövqeyin maraqlıdı - komandanı yerli mütəxəssis çalışdırmalıdı, yoxsa əcnəbi? Səncə, bu variantlardan hansı milli üçün daha faydalı olardı?
- Açığı, bu haqda çox fikirləşməmişəm, çox düşünmək də istəmirəm. Çünki baş məşqçi kim gəlsə, mənim üçün dəyişən bir şey olmayacaq. Yenə, öz işimi görməyə, əlimdən gələni etməyə çalışacam. İnanmıram ki, fikrim nəyisə dəyişdirsin. Ona görə bu haqda nəsə deməyim düzgün olmaz.
- Əsas namizəd kimi "Qarabağ"ın baş məşqçisi, Azərbaycanın ən titullu mütəxəssisi və nəhayət, atan olan Qurban Qurbanovun adı çəkilir...
- Bilmirəm, açığı, inanmıram. Nə qədər realdı bu məsələ...
- Çox adam deyir ki, o vaxt Qurban müəllimə millidə haqsızlıq olundu və yenidən bu vəzifəyə qayıtmalıdı. Ümumi fikirlər daha çox Qurbanova yönəlib...
- Eə o vaxt da Qurban Qurbanov millinin başına gələndə fikirlər belə idi. Amma heç bir il tamam olmamış gördük ki, fikirlər necə dəyişdi. Nə bilim, nə deyim...Kim gəlirsə, xeyirli olsun. Əsas odur ki, hər şey millimiz, futbolumuz, xalqımız üçün yaxşı olsun.