21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Cann de Byazinin əsas yığmadan getməsinə məyus olmayıb.
Sportliqa.az xəbər verir ki, o, bu barədə futbolinfo.az saytına açıqlamasında deyib.
Samir bəy bu barədə danışmağı doğru saymadığını, amma düşüncələrini də gizlətmədiyini bildirib: “U-21-in baş məşqçisi olaraq, əsas millinin çalışdırıcısı barədə fikir bildirmək peşəkarlıqdan bir az uzaqdır. Qısaca onu deyim ki, de Byazinin gedişini həm gözləyirdim, həm də açığı istəyirdim. Düzdür, İsveç üzərində tarixi qələbə qazandı. Bundan öncə də uğurlu oyunlar olmuşdu, bunu danmaq olmaz. Millətlər Liqası və yoldaşlıq matçlarında ardıcıl 5 qələbəyə imza atdı. Amma görünən o idi ki, istər futbol ictimaiyyəti, istər jurnalistlər, istərsə də azarkeşlər olsun, de Byazi onların sevgisini, rəğbətini qazana bilməmişdi. Bunu da son oyunlarda özü dərk edirdi”.
Əliyev italiyalının jurnalistlər barədə dediklərini səhv addım sayır: “İstər yerli, istər xarici məşqçi olsun, jurnalistin suallarına cavab vermək hər kəsin borcudur. Sual qıcıqlandırıcı olsa belə, fərqi yoxdur. Təcrübəli məşqçi 0:5 hesablı məğlubiyyətdən sonra gözləməli və bilməliydi ki, elə suallar veriləcək. Yaxşı hərəkət deyildi”.