"Neftçi"nin futbolçusu Qara Qarayev Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazinin onun milliyə çağrılmamasının səbəbini açıqlamasına münasibət bildirib.
Sportliqa.az xəbər verir ki, yarımmüdafiəçi instaqram hesabında italiyalı mütəxəssisin onu Belarusla görüşdə vurduğumuz qola sevinməməsi ittihamı haqda bunları yazıb:
"Milli komandanın sabiq baş məşqiçisinin dedikləri yəqin ki, öz haqqında tam məlumatın yekunu idi. Həmin bəhs olunan videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təssüfləndirdi. Təqdim etdiyi videoda mən yoxam, məntiqlə orada 7-8 oyunçu var və qalanları kadrda yoxdur. Bu, o deməkdir ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən uzaqlaşdılmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan milli formanı ləyaqətlə geyinmişəm!".
Qeyd edək ki, Canni De Byazi Qara ilə arasında yaranan gərginliyin niyə yarandığına aydınlıq gətirib. O, "qafqazinfo"ya açıqlamasında bildirib ki, yarımmüdafiəçi Bakıda Belarus üzərində qələbə qazandıqları matçda Ramil Şeydayev qol vurarkən sevinməyib. Hətta yarımmüdafiəçi digər futbolçuların sevincinə də mane olmaq istəyib.