“Gəncə” komandasının baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 5-ci turu çərçivəsində qarşılaşdıqları “Sərhədçi” ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Sportliqa.az xəbər verir ki, türkiyəli mütəxəssis dramatik məğlubiyyətə (108:109) görə məyus olduqlarını gizlətməyib:
“Oyunboyu hesabda üstünlük bizdə idi. Beynimizdəki planlar ilk üç periodda baş tutdu. Amma sonuncu hissədə yenə müdafiə xəttində boşluqlar verdik. Arxada etibarlı oyunu itirdik. Belə olanda da rəqib bizi yaxaladı. Sadəcə 30 saniyə ərzində öndə oldular. Qalan vaxtda hesab bizim xeyrimizə idi. Təəssüf ki, uduzduq. Kenyon Dulinqin haqsız olaraq oyundan atıldığı epizod matçın taleyini dəyişdi. Kenyon meydanı tərk etdikdən sonra oyunun nəzarətini əldən verdik. Matçı təhlil edib xətalarımızı görəcəyik. Çox məyusuq. Amma irəliyə baxmalıyıq”.