Noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. İclasda qəbul edilən qərar görə, Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi ilə müqavilə yenilənmədi. Hazırda milli komanda da baş məşqçi postu boşdur. Yerli mətbuatda yığmaya rəhbərlik edəcək şəxslərin adları ilə bağlı iddialar səslənir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan yığma komandasının sabiq futbolçusu Vəli Qasımov "FutbolPress"ə açıqlamasında milli komandaya qonşu ölkələrdən baş məşqçi təyin olunmasının daha uğurlu olacağını dedi:
"Yığma bizim qürur yerimizdir. Komandaya təcrübəli mütəxəssis təyin olunmalıdır. Xaricdən məşqçi təyin oluna bilər, amma onun üçün vaxt lazımdır. Əgər əcnəbi gətiriləcəksə, o, bizim mentalitet və mədəniyyəti yaxından bilməlidir. Bunun bizə köməyi daha çox olar. Azərbaycanda yerli məşqçilər çoxdur, amma onların böyük təcrübəsi yoxdur. Yerli namizədlər çox ola bilər, lakin Avropa səviyyəsində heç kim işləməyib. Buna görə də düşünürəm ki, milliyə qonşu ölkələrdən məşqçi təyin olunsa, daha yaxşı olar. Lakin yenə də mənim üçün yerli məşqçinin olması daha xoş olar".
Qasımov Azərbaycanda Avropa səviyyəli məşqçinin tək Qurban Qurbanov olduğunu bildirdi:
"Ölkədə Avropa səviyyəli məşqçi Qurban Qubanovdur. Əgər o, baş məşqçi təyin olunarsa və klubda işləməyə davam edərsə, bu? onun üçün asan olmayacaq. Bu da asan proses deyil. Bu gün "Qarabağ"da dəyişiklik olmamalıdır. Çünki yeganə komandadır ki, bizi Avropada layiqincə təmsil edir"
Millinin sabiq futbolçusu təklif olarsa, işləməyə hazır olduğunu qeyd etdi:
"Hər şey ola bilər. Bu, rəhbərlikdən asılıdır. Onlar kimi uyğun görürsə, onu da təyin edəcəklər. Məni milliyə baş məşqçi təyin etsələr, yaxşı nəticələr üçün əlimdən gələni edərəm".