"Turan Tovuz" Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Göygöl"ü məğlub edərək 1/8 finala yüksəlib.
Sportliqa.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra Pressing.az saytının suallarını cavablandırıb:
- Kubok oyunu idi. Bilirdik ki, rəqib istəkli olacaq. "Göygöl" üçün Premyer Liqa klubu ilə qarşılaşmaq stimuldur. Biz də qələbə qazanıb turu keçmək istəyirdik. Buna nail olduq. Bu gün gənclərə şans verdik. Qarşıda çempionat oyunu gəlir. Sevindirici haldır ki, matçı zədəsiz başa vurduq. Bir az Sərtan Taşkında problem oldu. İnanıram ki, böyük itki olmayacaq.
- Rəqibdən belə müqavimət gözləyirdiniz?
- Bəli, gözləyirdim. Futbolçularıma da demişdim. Rəqibi təbrik edirəm. Onlar üçün stimul idi. Həmişə belə olub. Kubok oyunlarında həmişə aşağı liqa klubları müqavimət göstərib. Sevindirici haldır ki, rayonlarda komandalar var. Bu, futbolumuz üçün xeyirlidir.
- Bu gün az şans qazanan futbolçulara şans verdiniz. Onların oyunu sizi qane etdi?
- Bizimlə məşq edirdilər. Amma oyunlarda iştirak etmirdilər. Sadiq Şəfiyevə çoxdandır şans vermək istəyirdik. Məzahir Məmmədzadə oyuna çox yaxşı qoşuldu. Onların oyunu bizi sevindirir. Budaq Nəsirova şans verdik.
- Bu gün meydanda olan mərkəz müdafiəçilərinin fiziki durumu nə yerdədir?
- Oyun praktikası üçün belə matçlar lazımdır. Çempionatın qızğın vaxtıdır, hər an dəyişiklik edə bilərik. Onların oyunu xoşumuza gəldi.
- Bugünkü qələbə azarkeşlərin könlünü almaq baxımından rol oynadı?
- Azarkeşlərdən bizi başa düşən də var, düşməyən də. Bu, normaldır. Ən böyük istəyimiz odur ki, onları həmişə sevindirək. Nə dərəcədə nail olduğumuzu zaman göstərəcək. Mövsümün əvvəlində demişəm ki, bu il bizim üçün çətin olacaq. Həqiqətən də dəstəyə ehtiyacımız var.