“Bu qələbə ilə çempionatda əbəs yerə lider olmadığımızı göstərdik”.
Sportliqa.az xəbər verir ki, bunu “Xəzri”nin oyunçusu Səid İsmayılov Azərbaycan Basketbol Liqasının 6-cı turunda “Xırdalan”a 105:84 hesabı ilə qalib gəldikləri matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
19 yaşlı basketbolçu qarşılaşmaya istədikləri kimi start verdiklərini bildirib: “Komanda olaraq hər kəs çox yaxşı mübarizə apardı. Son üç turda yaxşı oyun sərgiləmirdik və bunun da təsiri çox idi. Bəzi klublar bizim qələbələrimizin artıq təsadüf olduğunu düşünməyə başlamışdı. Bu qarşılaşmada hər kəs üzərinə düşəni uğurla yerinə yetirərək qalibiyyətdə böyük pay sahibi oldu”.
İsmayılov öz çıxışı barədə də danışıb: “Bu da kollektivin çıxışına bağlı olan durumdur. Bugünkü 11 xal, 10 asist və 6 ribaund karyeramda bir ilk idi. Buna görə də çox xoşbəxtəm və komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm”.
“Xəzri” 6 oyundan sonra 11 xalla liderdir.