“Qarabağ”ın yarımmüdafiəçisi Hamidu Keytanın müsahibəsi:
- Azərbaycan Premyer Liqanın XV turunda “Qəbələ” üzərində 3:0 hesablı qələbə qazandız. Görüş barədə nə deyə bilərsiz?
- Qələbə qazansaq da, matç heç də asan keçmədi. "Qəbələ" layiqli rəqibdir, çox yaxşı oyun üslubu var. Bununla belə, qalib gəlmək, 3 xal qazanmaq olduqca xoş hisslərdir. Hər oyunda bu cür qələbə qazanmaq komanda olaraq bizim üçün önəm daşıyır.
- Matçda hesabı siz açdız. Demək olar ki, vurduğunuz erkən qol qələbədə böyük rol oynadı?
- Mən hər oyunda 100 faizlik nəticə ortaya qoymağa çalışıram. Həmişə komandama kömək etmək istəyirəm. Həm qol vurdum, həm də qələbə qazandıq. Bunlar məni çox sevindirir. Amma ən vacibi növbəti 3 xalı aktivimizə yazmağımızdır. Fərqlənmədən qələbə qazansaydıq belə, mən yenə də sevinəcəkdim.
- Azərbaycan Premyer Liqasında inamlı təsir bağışlayan Keytanı görsək də, UEFA Avropa Liqasının matçlarında çox az şans qazanırsız. Bu, nə ilə əlaqədardır?
- Ümid edirəm ki, qarşıdakı matçda meydanda olacam. Əslində mən hər oyunda iştirak etmək üçün məşqlərdə tam gücümlə çalışıram. Daim məşqlər edirəm. Yekunda belə məsələlərə baş məşqçi qərar verir. Onun qərarlarına hörmətlə yanaşıram. Mən meydana daxil olarkən, komanda üçün ən yaxşı performansımı göstərməyə çalışıram. İnanıram ki, gələcəkdə məni daha çox meydanda görəcəksiniz.
- Qurban Qurbanovun vurduğunuz qola reaksiyası necə oldu?
- Əlbəttə, mənim qol vurmağım Qurban Qurbanovu da sevindirdi. Çünki həm ilk qolu vurdum, həm də qələbə qazandıq. Bu, olduqca gözəldir.
- Sona 1 tur qalmış "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ikinci yerdədir. Necə düşünürsüz, qrup ikincisi kimi pley-offa vəsiqə qazanmaq mümkün olacaq?
- Şansımız öz əlimizdədir. Amma qətiyyən arxayınlaşmaq olmaz. Çünki UEFA Avropa Liqasında istənilən rəqib təhlükəlidir. Bunu unutmaq olmaz. “Hekken”in son oyunlarını yaxşı təhlil etməli, matça ağıllı yanaşmalıyıq. Baş məşqçi bu oyun barədə ətraflı danışacaq. İnanıram ki, "Hekken"lə matçda azarkeşlərimizi sevindirəcəyik.
futbolxeber.az