“Gəncə”nin basketbolçusu Culs Mur “Cəlilabad” ilə oyunöncəsi klubun mətbuat xidmətinə açıqlamalar verib.
Sportliqa.az xəbər verir ki, amerikalı oyunçu səfər görüşünə yaxşı hazırlaşdıqlarını və uğurlu nəticəyə ümid etdiklərini bildirib.
Hücumçu öz oyunundan da danışıb: “Məşqlərimiz yaxşı keçib, biz oyuna tam olaraq hazırıq. Baş məşqçimizin də bildirdiyi kimi müdafiə xəttində çatışmazlıqlar var. Həftə ərzində bunun üzərində işləmişik. Səhvləri aradan qaldırmağa çalışmışıq. Basketbol kollektiv oyundur, kimisə ayrıca fərqləndirmək olmur. Hamımız bir olub işimizi layiqincə görməliyik. Səfər matçına qələbə üçün yollanmışıq. İnanıram ki, qarşıya qoyulan məqsədə çatacağıq.
Öz oyunuma gəldikdə, mən həm müdafiədə, həm də hücumda eyni istəklə, enerji ilə oynayıram. Komandamın uğur qazanması üçün meydanda əlimdən gələnin hamısını etməyə çalışıram. Məşqçilərin tapşırıqlarını yerinə yetirməyə səy göstərirəm. Nəticə qazanmaq istəyiriksə, bütün mövqelərdə uğurlu çıxış etməliyik”.