"Kəpəz"in yarımmüdafiəçisi Georgi Papunaşvili Premyer Liqanın 16-cı turunun "Qəbələ" (0:3) ilə oyunundan sonra jurnalistlərə müsahibə verib.
Sportliqa.az həmin matçda dublla yadda qalan gürcü futbolçunun müsahibəsini təqdim edir:
- "Qəbələ" ilə görüşdə qalib gəlməyi bacardınız. 3:0 hesablı qələbəni necə şərh edərdin?
- Oyunun bizim üçün çox vacib olduğunu yaxşı bilirdik. Çünki "Qəbələ" ilə turnir cədvəlində qonşu pillələrdəyik. Buna altı xallıq oyun da demək olardı. OMatça çox ciddi hazırlaşmışdıq. Şadam ki, qələbə qazanmağı bacardıq. Vurduğum qollarla "Kəpəz"in qələbəsinə kömək olduğum üçün də özümü xoşbəxt hiss edirəm. Qarşıdakı görüşləri fikirləşməliyik.
- "Qəbələ"nin ikinci hissənin əvvəlində meydanda azlıqda qalması işinizi nə dərəcədə asanlaşdırdı?
- "Qəbələ"nin azlıqda qalması əlbəttə ki, işimizi asanlaşdırdı. Amma biz buna qədər də qalib gəlirdik. Hər halda, meydanda azlıqdan sonra "Qəbələ" daha çox boşluqlar verdi. Hardasa, daha rahat oynadıq və qalibiyyət oldu. Biz hətta dördüncü, beşinci qolu da vura bilərdik. Sadəcə dəqiq oynamadıq.
- Deyəsən, baş məşqçi postundakı dəyişiklik komandaya yaxşı təsir edib...
- Bilirsiz, yeni məşqçinin gəlişi yeni oyun fəlsəfəsi deməkdir. Biz birlikdə irəliləməyə çalışırıq. Məşqlərdə səylə çalışırıq. Hələ çox şey üzərində işləməliyik. "Qəbələ" ilə matçdakı qələbə onu göstərdi ki, komanda düzgün yoldadır. Çətin səfər olsa da, gözəl oyun göstərərək qalib gəldik. Meydanda hamımız sona qədər vuruşduq, qalib gəldik. Əziyyətimizin bəhrəsini gələcək matçlarda da görəcəyimizə inanıram.
- "Qəbələ" ilə matçda dubl etməyi bacardın. Demək olar ki, yaxşı formadasan?
- Uğur qazanmaq üçün komanda oyunu vacibdir. Dəstək olmasa, qol vurmaq, yaxud assist etmək mümkün deyil. Biz kollektiv şəklində irəliləməliyik. Performansıma gəlincə, əsl Papunaşvili bu deyil. Daha da yaxşısını edə bilərəm.
- Növbəti turda "Kəpəz" "Sumqayıt" önünə çıxacaq. Bu görüşdə komandanın uğurlu çıxış edəcəyinə inanırsan?
- Hər oyun bizim üçün çox vacibdir. Tempi qoruyub-saxlamalıyıq. "Qəbələ"yə qarşı oynadığımız kimi oynasaq, "Sumqayıt"la matçda da üç xal əldə etməyimiz mümkündür. Bütün komanda olaraq mübarizə aparmalıyıq. Bunu bacarsaq, qələbənin ardı gələcək.