İngiltərənin “Liverpul” klubunun skautu “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hakken”lə oyunu üçün Bakıda olub.
Sportliqa.az “Report”a istinadən xəbər verir ki, Premyer Liqa komandası “Hakken”in futbolçusu Mamadu Sonkonu canlı izləmək məqsədilə bu addımı atıb.
Start heyətində meydana çıxan 18 yaşlı vinger 82-ci dəqiqədə zədələnərək əvəzlənib. İspaniyanın “Barselona” və Almaniyanın “Leyptsiq” klubları da Sonkonun keçidində maraqlıdırlar. “Hakken” rəhbərliyi gənc oyunçusunun satışından minimum 9 milyon avro qazanc götürməyi planlaşdırır.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “Hakken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla H qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib. İsveç təmsilçisi isə hesabına xal yazdıra bilməyib.