“Neftçi”nin tarixinə hörmət qoymayanlar klubu rəzil günə salıblar. Son illərlə müqayisədə komandanın ən bərbad keçirdiyi mövsümlərdən biridir.
“Ağ-qaralar”ı çempion edən Samir Abasovun istefaya göndərilməsindən sonra komanda hələ də formalaşmayıb. Hələ də müəmmalıdır ki, komandanı çempion edən və gümüş medal qazandıran məşqçi niyə istefaya göndərilsin ki?
Yoxsa rumınlar – Laurensiu Regekampf və Adrian Mutu daha yaxşı nəticələr göstərdilər? Rəhbərliyin uğursuz gedişləri ilə bir gün Əzrayıl qapını döyüb qocaman “Neftçi”nin canını alacaq. Çünki klubu idarə edənlər, vəzifəyə gətirilən şəxslər bunun üçün əllərindən gələni edirlər.
Klubu belə idarə etməzlər... Futbola aid olmayanları doldurmusuz kluba... Atalarının yadigarıdır deyə, “Neftçi”də işləməlidirlər? Bu nə cür yanaşmadır? Ötən mövsüm atalarının mirasları olduğu “Neftçi”nin Premyer Liqada neçə oyununa tribunadan izləyiblər?
Hələ troll dəstələri də var, komanda uduzur, amma trollar dastan yazıb “Neftçi”yə dəstək nümayiş etdirirlər... Mənə maraqlıdır, həmin trollar niyə Samir Abasovun vaxtında yox idi? Heç Regekampf baş məşqçi olanda da trollara rast gəlinmirdi. Hər nə oldusa, bu mövsümdən peyda oldu...
Görün, klubdakı idman direktorları futbolu bilməyənlərin, qanmayanların bacarıqsızlığından necə “gözəl” istifadə edir... Görəsən özünüzü aldadılmış hiss edirsiniz? Düşünmürsüz, sizi aldadırlar? Bu nə oyundur? Bu necə bacarıqsız əcnəbilərdi? Adrian Mutunun sadəcə adı var idi... Aldadılmağın necə hiss olduğunu indi gözəl başa düşərsiz...
Klubun Marketinq və PR rəhbəri Aysu İbrahimli komandanın “Qarabağ”a uduzduğu oyundan sonra futbolçuları sosial şəbəkə hesabında təhqir edib... Təsəvvür edirsiz? Məğlubiyyətlə barışmadığı üçün ingiliscə instaqramında “Onların hamısı zibil yığınıdır” sözlərini paylaşıb... 1 saat ərzində səhvini başa düşüb silsə də, artıq gec idi...
Yəni bu klubun yiyəsi yoxdur, nəzarət edən tapılmır? Kimin ürəyi nə istəyir, necə istəyir, elə də hərəkət edir. Hamı da susub və barışır.
Şoumenlərlə hara qədər gedəcəksiz?
“Neftçi” kimi əzəmətli klubu uşaq bağçasına çevirib, oyuncaq ediblər! Nə adın təsiri var, nə də əzəmətin. Artıq rəqiblər “Neftçi” ilə oyunlarda çəkinmir, hətta özlərini favorit hiss edirlər...
NƏSİMİ