"Turan Tovuz" klubunun baş sponsoru "Huner Group" şirkətinin prezidenti Ehtiram Quliyevin müsahibəsini təqdim edirik:
- Yarımçıq dayandırılan oyunun qalan hissəsinə necə motivasiya olunmuşdunuz?
- Bizi ən çox narahat edən futbolçuları lazımi şəkildə motivasiya etmək idi. Legionerlərimizin biletləri alınmışdı, onların vaxtını operativ şəkildə dəyişdik. Eyni zamanda, rəqib komandanın heyətində evinə, ailəsinin yanına tələsən futbolçular da var idi ki, bu, onların planlarına da müəyyən mənada təsir etdi. Belə hadisənin olmasını heç kim istəməzdi. Amma belə hallardan heç kim sığortalanmayıb. Bölgəyə ciddi ziyan dəydi, o cümlədən bizə. Müxtəlif yerlərdə ağaclar aşdı, dam örtükləri uçdu, Gəncə şəhərində şam ağacı ilə bağlı məlum hadisə. Kaş ki, olmazdı, amma oldu. Biz də maddi çətinliklə üzləşdik.
- İşıq dirəyinin aşmasına görə fikirlər müxtəlifdir. Buna görə sizi və işi görən şirkəti qınayanlar və hadisədə təbiətin şıltaqlığını əsas gətirənlər. Sizin mövqeyiniz necədir?
- Bütün fikir, irad və tənqidlərə hörmətlə yanaşıram. Demokratik ölkədə yaşayırıq, hər kəsin fikir bildirmək haqqı var. Onlara deyəcək sözüm yoxdur. Şəxsi mövqeyim belədir ki, bu, təbii fəlakətdir. Dünyada bu cür hallarla tez-tez rastlaşırıq. Olaydan ən çox ziyan görən biz olduq. İstər psixoloji mənada olsun, istərsə də maddi planda. Onsuz da rahat olmayan büdcəmizi bir az da çətinə saldıq.
- Tovuzlu azarkeşlər və futbol ictimaiyyətinin bir qismi “Turan Tovuz”a qarşı sıralanan hakim səhvlərindən və baş vermiş hadisədən sonra sizin futboldan küsəcəyinizdən ehtiyatlanır.
- Əsla, əsla! Biz çətinliklərə öyrəşmiş adamlarıq. Bu günə qədər çox çətinliklər görmüşük. Elə bir narahatlığım yoxdur. Bəzən hakim səhvlərini dilə gətiririk. Amma onların da işi çətindir. Birtərəfli mövqe sərgiləməyimiz doğru olmaz. Bildiyim qədərilə bu gün hakimləri yetişdirmək prosesində, maaşların verilməsində müəyyən çətinliklər var. Və buna görə də çox adam futbolu bitirəndən sonra hakim olmaq istəmir. Bu kimi amilləri görürük və başa düşürük. Yenə deyirəm, çətinliklərdən qorxan və tənqiddən qaçan adam deyiləm. Bəzən hansısa tənqidə “yaxşı ki, var” deyirik.
- Bu hadisəyə görə sizi günahkar görənlərin fikirlərinə normal yanaşırsınız?
- Azarkeşlərimizin klubda və komandada görülən hansısa işləri tənqid etməsinə rahat yanaşıram. Onların fikirləri bizim üçün önəmlidir, bəzən nəticə də çıxarırıq. Amma işıq dirəyinin aşmasına görə sevinən adam “Turan Tovuz” azarkeşi ola bilməz. Bu hadisəyə görə klubu günahlandıran “Turan Tovuz” azarkeşi ola bilməz. “Turan Tovuz” azarkeşi olmayan istənilən şəxslərin bu məsələ ilə bağlı tənqidi fikirlərinə açığıq. Təbii hadisə idi, yaşandı. Çox sevinirəm ki, insan xəsarəti, tələfatı, bədbəxt hadisə olmadı. Tək sevindiyim yön budur.
Elsevər Muradzadə / Bakı-Tovuz