Müstəqillik illərində yetişən futbolçulardan danışarkən Zaur Tağızadəni xüsusi qeyd etmək lazımdır. Futbolumuzun "Qızıl oğlan"ı milli komandada və "Neftçi"də sərgilədiyi oyunla ən xoş sözlərə layiq görülüb, azarkeşlərin könlünü fəth edib.
Gənc nəsil Zaur Tağızadənin o vaxtkı oyunlarının görüntülərini izləmək imkanına malikdir. Lakin mətbuatda bu futbolçuyla bağlı geniş məlumatlar tapmaq asan deyil. Çünki çox danışmağı xoşlamayıb, mətbuatdan uzaq qaçıb. Amma buna rəğmən tək oyunuyla yox, həm də xoş xasiyyətiylə "Qızıl oğlan" adlandırılıb futbolumuzda.
Tarixi səhifələyib onunla bağlı bildiyimiz maraqlı faktları oxucularımıza təqdim etmək qərarına gəldik.
- Zaur Tağızadənin karyerasının zirvə oyunu 1999-cu ildə Bakıda Portuqaliyaya qarşı olur. O vaxt 20 yaşlı Zaur Tağızadə topu məşhur Vitor Bayanın ayaqları arasından keçirib baxımlı qola imza atır, lakin uzatma dəqiqələrində Luiş Fiqunun cavab qoluyla rəqib məğlubiyyətdən xilas olur. Həmin matçdan sonra AFFA tərəfindən hər futbolçuya 2 min manat mükafat verilsə də, Zaur Tağızadəyə pul düşmür. Buna səbəb onun matçın sonlarında qırmızı vərəqə alması olur. Federasiya rəhbərliyi bu hərəkətinə görə, ona pul cəzası tətbiq edir və Tağızadə bəlkə də karyerasının ən yaxşı oyununda həm xilaskar, həm də günahkar qiymətini alır.
- Onun MOİK-ə gəlişi ordu klubu üçün hadisəyə çevrilir. Tanınmışlığının pik nöqtəsində MOİK-də ilk məşqinə çıxan gənc futbolçunu izləmək üçün ordu stadionuna gələn azarkeşlər də olur. Tağızadə ilk turlarda oyunuyla əməlli fərq yaratsa da, zaman keçdikcə formadan düşməyə başlayır. Nəticələrin pisləşməsindən əsəbləşən rəhbərlik ona 7 sutka "qubbax" verir. Ölkənin ən məşhur futbolçusu "türmə həyatı" da yaşamış olur.
- "Neftçi"də parlaq oyunu ilə göz oxşayan Zaur Tağızadəyə əzəli rəqib "Xəzər Lənkəran"dan təklif gəlir. Mübariz Mənsimovun ona illik 1 milyon dollar təklif etdiyi deyilsə də, əslində, ortada pul mövzusu müzakirə olunmur. Bizdə olan məlumata görə, "Qızıl oğlan" razılıq versəydi, o dövr üçün kifayət qədər böyük məbləğ sayılan 500 min dollar ala bilərdi qarşı tərəfdən. Amma Tağızadə təklifi geri çevirir və "Neftçi"dən başqa heç bir klubda oynamaq fikrində olmadığını deyir.
- 32 yaşlı Zaur Tağızadə zədəsini sağaldaraq daha bir neçə il "Neftçi"də oynamaq istəsə də, o vaxtkı baş məşqçi Arif Əsədov heyəti gəncləşdirdiklərini deyərək onu komandada saxlamır. Tağızadə karyerasını başa vurur və "Neftçi"nin əvəzedici heyətində məşqçilik fəaliyyətinə başlayır. Lakin rəhbərlikdə təmsil olunan şəxslərdən biri ilə mübahisə etməyi onun "Neftçi"dən küsüb getməsinə səbəb olur. Bir müddət hətta telefonlarını söndürüb heç kimlə ünsiyyət qurmur. Onu "Qarabağ"a dəvət etmək fikrində olan Qurban Qurbanov evlərinə adam göndərir, Zaurla görüşüb niyyətini ona çatdırır. Tağızadə öz növbəsində gedib həmin dönəmdə "Neftçi"nin prezidenti olan Sadıq Sadıqovla danışır, durumu izah edir və "Neftçi" ilə vidalaşır.
Mənbə: sportal.az