"Prinsipcə, özümlə bağlı hər şey normaldır. Artıq daim oynayıram. Məncə, turnir cədvəlində daha yaxşı mövqedə yer ala bilərdik. Sadəcə, çoxlu lazımsız xal itkisinə yol verdiyimizdən indi daha yüksək pillələrdə qərarlaşmamışıq".
Sportliqa.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Adana Dəmirspor" klubunda çıxış edən millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
Məlumdur ki, Super Liqada cari mövsümdə 6-cı pillədə olan Adana təmsilçisində Patrik Kluyvertin gedişindən sonra hələ də yeni baş məşqçi təyinatı reallaşmayıb. Şahruddinin sözlərinə görə, buna xüsusi önəm vermir: "Hələ ki, yeni baş məşqçimiz yoxdur, bu vəzifəni Sərkan hoca (Sərkan Damla-red.) yerinə yetirir. Bilmirəm, həmin vəzifədə kim olacaq, bu məsələylə xüsusi maraqlanmıram. Mənim işim futbol oynamaqdır".
Şahruddinin "Qarabağ"dan sonra bəzən Super Liqada da xətalara yol verməsi müzakirə olunur. 30 yaşlı qapıçının sözlərinə görə, ondan öz cərimə meydanında qısa ötürmələrlə oynamaq tələb olunur: "Sadəcə, bir az ehtiyatlı olmaq lazımdır. Bir də heç olmasa bəzən özün haqda düşünmək gərəkdir (gülür)".
Məlumdur ki, Adana təmsilçisindən maliyyə problemlərinə görə bir sıra aparıcı futbolçu gedib. Klubun borclu olduğu futbolçulardan biri də Məhəmmədəliyevdir. Bu səbəbdən millimizin üzvünün gedəcəyi haqda çox söz-söhbətlər gəzir: "Bəli, komandamız yenidən qurulur. Artıq gəldiyim vaxtdakı komanda deyil. 4-5 futbolçumuz gedib. Amma bu futboldur, hər şey dəyişilir. Əfsuslar olsun ki, belə yüksək səviyyəli futbolçular bizl tərk etdi. Amma görünür, buna səbəblər var. Klubda maddi vəziyyətimiz düzəlir. Tez bir zamanda problemləri həll etməyə söz veriblər. Bəli, indi ətrafımda çoxlu söhbət var. Müxtəlif insanlardan mənə az zəng gəlmir. Belə deyim, "Adana Dəmirspor"un futbolçusuyam və tam olaraq öz oyunuma fokuslanmışam ki, komandama kömək edim".
O, son vaxtlar futbolçularımızın Türkiyəyə axınını çox yaxşı hal hesab edir: "Azərbaycanlı oyunçuların Türkiyəyə gəlməsi müsbət məqamdır. Belə bir fürsətin varsa, özünü sınamalısan. Sabiq komanda yoldaşım Ramil Şeydayevin “Kocaelispor”la anlaşması haqda mən də eşitmişəm. Lakin ortada konkret rəsmi bir şey yoxdur".
Pressport.az